Qonaq Kitabı
Məstəbeyi-eşqdə badeyi-minayə bax!

Məstəbeyi-eşqdə badeyi-minayə bax!

Saqiyi-gülrəngi gör, sağərü səhbayə bax!

 

Həlqeyi-rindanə gəl, deyri-müğan seyrin et,

Əhli-xərabat əra, mö’minü tərsayə bax!

 

Zövqi-meyi-eşqdən cuşə gəlib şir tək,

Hey-heyi-məstanı gör, şurişü qovğayə bax!

 

Şə’şəeyi-badədən şəms olub münfəil,

Ləm’eyi-cami-bülur halə vurub ayə, bax!

 

Nəğmeyi-çəngü rübab, şahidü şəm’ü şərab,

Həmhəmeyi-sazı gör, zümzümeyi-nayə bax!

 

Bülbüli-təb’im genə özgə nəva başlayıb,

Der ki, gül olmuş xəzan bu xəbəri-vayə bax!

 

Qəm yemə, şad ol, könül, olma bu sözdən məlul,

Səbr elə, sən bir zaman qüdrəti-mövlayə bax!

 

Əmrinə müşkil deyil kim, edə piri cəvan,

Eylə, gözüm, e’tiqad bircə Züleyxayə bax!

 

Çəkdi sözün riştəsi, bir büti-Leyli-xüram,

Saldı məni çöllərə, ah, bu səhrayə bax!

 

Ey, səni Tari, genə etmə pərişan məni,

Bir də mənə söyləmə zülfi-çəlipayə bax!

 

Hiçü əbəs könlümü etdi bu sözlər təbah,

Axir olub hasilim qəm yükü, sevdayə bax!

 

Incimə, dur, çal qələm, mən sənə qurban olum!

Qoyma sözü natamam, tə’neyi-ə’dayə bax!

 

Yoxsa yoruldun məgər, hardasan, ey kahilə,

Məscidi-Əqsadı bu, ərşi-müəllayə bax.

 

Qorxma, deyil əjdaha, billah, əsadır, əsa,

Museyi-Imran kimi sən yədi-beyzayə bax!

 

Bərq-sifət qıl güzər, cümlə hicabatdən

Fövqi-Sürəyyayə çıx, mənzəri-ə’layə bax.

 

Şahi-ərəb Lafəta versə muradım əgər,

Nəzmi-dürərbarı gör, gövhəri-inşayə bax!

 

Külbeyi-əhzanımız oldu münəvvər genə.

Aç gözün, ey binəva, yari-məhasayə bax.

 

Zülfi-şikən dər-şikən, türreyi-pür piç-piç,

Navəki-müjganı bir gözlə, o şüx yayə bax.

 

Çox da sözü aşikar etmə, danış pərdədə,

Səndə həya yox məgər? Aşiqi-rüsvayə bax?!

 

Nöqteyi-xalın genə saldı məni heyrətə,

Məndə dəxi nitq yox, kilki-şəkərxayə bax.

 

Tairi-fikrim genə həmpəri-Simürğ olub,

Seyr qılır Qafdə bəççeyi-ənqayə bax.

 

Dağlara sal “hay-huy”, səslə, de Məcnun, haray!

Aşiqi-divanə, gəl, hövdəci-Leylayə bax.

 

Canı nisar etməyə yarə Nəbati fəqir,

Indi bu qəmxanədə ha şəbi-yəldayə bax.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info