Qonaq Kitabı
Ey bivəfa, gətirmə çox əfğanə könlümü

Ey bivəfa, gətirmə çox əfğanə könlümü,

Yandırma bunca atəşi-hicranə könlümü!

 

Bir dəm götür o məh kimi rüxsardən niqab,

Ey səngdil, yetirmə belə canə könlümü!

 

Bir cür’ə meydən ötrü məni etmə dilkəbab,

Döndərmə, saqi can, bu qədər qanə könlümü!

 

Qıl lövhi-sinəmi hədəfi-navəki-bəla,

Bir şad qıl bəlalərə həmxanə könlümü!

 

Ver badə, məst qıl, sal özün xüm əyağına,

Dəşti-cünunə salma bu divanə könlümü!

 

Ey dilbəri-sitəmgərü, vey yari-tündxu,

Saldın əcəb çahi-zənəxdanə könlümü!

 

Dövri-rüxündə həlqə vuran zülfi-xəmbəxəm,

Oldur çəkən kəmənd ilə zindanə könlümü.

 

Rəhm eylə bir bu gözdən axan qanlı yaşıma,

Bir et nişan o navəki-müjganə könlümü!

 

Bu mürği-dil ki, daneyi-xalın əsiridir,

Qalmış yuva o zülfi-pərişanə könlümü.

 

Cəllad gözlərin susayıb yaxşı qanıma,

Istər ki, qəmzədən edə viranə könlümü!

 

Bilməm mənə nə sehr oxudu məst gözlərin,

Məcnun kimi tutuşdu biyabanə, könlümü.

 

Sən’anə yar qıldı məni zülfi-pürxəmin,

Nəqşi-üzarın etdi sənəmxanə könlümü.

 

Heyran olan cəmalına güldən nə kam alır,

Bica aparma seyri-gülüstanə könlümü!

 

Bir gül’üzarə aşiq olub, salmışam əcəb

Pərvanə tək bir atəşi-suzanə könlümü.

 

Hicrin axıtdı bəs ki, gözümdən sirişgi-al,

Qorxum budur ki, qərq edə tufanə könlümü.

 

Iş bitməz oldu zöhdü riyadən, Nəbatiya,

Cami-tərəbdən eyləmə biganə könlümü.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info