Qonaq Kitabı
Şükr, xuda ki, etdi yar şad fikar könlümü

Şükr, xuda ki, etdi yar şad fikar könlümü,

Bir güli-tazə göndərib, etdi bahar könlümü.

 

Kövkəbi-bəxti-sə’ddən dəxi şikayət eyləmən,

Gün kimi rövşən eylədi tirəvü tar könlümü.

 

Şahnişin çeşmimi mənzili-xas edər sənə,

Gər edə nəqşi-surətin dari-qərar könlümü.

 

Tə’bin edərsə gər həvəs seyrü şikarə, çox gözəl,

Cəhd qıl, eylə bir əməl, al bu təvar könlümü.

 

Qəsdi-təvafi-Kə’bədən kimsəni mən’ qılmanam,

Sən o məkanə getmə, gəl gəz bu nəzar könlümü.

 

Qoyma hücumi-xeyli-qəm mülki-dili xərab edə,

Canə yetirdi, saqi can, rənci-xumar könlümü!

 

Bir deməmiş ayağə dur, yoxsa kinayə bilmisən,

Sağəri-zərnigarı qap, gör bu yanar könlümü!

 

Tüngi-şəkər dəhanının yadına bir piyalə vur,

Yox demə kim, bu söz mənim eylədi dar könlümü.

 

Həlqeyi-zülfi xəmbəxəm sehrü füsunə müntəzəm,

Mən ki, əvami-sirfəm, ux, çaldı bu mar könlümü!

 

Daneyi-xalü dami-mu ta eləsin nə “hay-hu”,

Bazi-sifid tək gözün etdi şikar könlümü.

 

Mən dəli olmadım əbəs, əhli-cahan, haray-haray!

Əqlim apardı sinəsi, aldı bu nar könlümü.

 

Tari bilir ki, mürdəni zində qılar Məsih tək,

Gər o rəqibə rubəru bir ala yar könlümü.

 

Fitnə qaşı təvəhhümü qəddimi yayə döndərib,

Məskəni cuğdü bum edib şe’r şüar könlümü.

 

Başım ağardı, nafə tək qanımı müşk qılmadı,

Gör, yeri var ki, danlayam mən bu tatar könlümü.

 

Bağrımı tiri-qəmzədən eylədi arı şan tək,

Gər deyəsən xilafıdır, gəl bicə yar könlümü!

 

Qönçə ləbin təfəkkürü qəlbimi gülsitan edib,

Gəl bu xəyaldan mənim etmə kənar könlümü.

 

Yarə nə göndərim – deyib qaldı Nəbati müztərib,

Tutiyi-can zəban açıb söylədi: zar könlümü.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info