Qonaq Kitabı
Vəh, nə göyçək yazılıb səfheyi-rüxsanə bu xət!

Vəh, nə göyçək yazılıb səfheyi-rüxsanə bu xət!

Görsə, billah, gətirər kafəri iqrarə bu xət.

 

Istəsən, hazır edər hər kimi ol saətdə,

Deyəsən nəqş olunub məntəri-əhzarə bu xət.

 

Elə bil qövsi-qüzehdir çəkilib çərx üzrə,

Gör nə rəngin yaraşır arizi-gülnarə bu xət!

 

Allah, Allah, yeri təhsin elə ol nəqqaşə,

Yoxdu imkanı gələ gərdişi-pərkarə bu xət.

 

Sehrdir bu görəsən, yoxsa ki, Mani işidir,

Çoxların eyləyəcək mən kimi avarə bu xət.

 

Nöqteyi-xali-siyahın məni girdabə salıb,

Nə olur dərdimə bir də edə bir çarə bu xət?

 

Dağ vurub lalə kimi bağrıma xoşdur, amma

Çox fəqirin gününü eyləyəcək qarə bu xət.

 

Ey Nəbati, nə qədər var isə ömrün, xət yaz,

Aqibət bir gün olur kim, gəli bir karə bu xət.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info