Qonaq Kitabı
Mənə dilbər, o könül mülkünə sultanım bəs

Mənə dilbər, o könül mülkünə sultanım bəs,

Dinü dil verməyə ol qarəti-imanım bəs.

 

Aşiqi-sadiq üçün məhzəri-şahid nə gərək?

Mənə isbati-cünun bu səri-üryanım bəs.

 

Nə işim vardı mənim seyri-gülüstanə gedim?

Seyri-gülşən mənə bu xəlvəti-viranım bəs.

 

Neylərəm sirrimi hər nakəsə izhar eləyim?

Mənə qəmi yar, rəfiqim dili-suzanım bəs.

 

Huri-cənnət ola, mən istəmərəm yar özümə,

Mənə yar olsa əgər ol güli-xəndanım bəs.

 

Çox da tə’rif eləmə baği-behişti, zahid,

Ki, onun kuyi, mənim rövzeyi-rizvanım bəs.

 

Bülbülü tütiyü qümru sənə ərzani ola,

Ey Nəbati, mənə bu təb’i-süxəndanım bəs.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info