Qonaq Kitabı
Ta ki, bünyad eylərəm rüxsari-canandan hədis

Ta ki, bünyad eylərəm rüxsari-canandan hədis,

Eylə bil kim, eylərəm gülzari-rizvandan hədis.

 

Tutduğu işdən pəşiman oldu, çəkdi ahi-sərd,

Eylədim çün Xizrə ta ol lə’li-xəndandan hədis.

 

Ey sirişki-laləgun, amadə ol, gəl kim, edər

Xameyi-müşkinrəqəm zülfi-pərişandan hədis.

 

Durma, ey peyki-səba, uşşaqı ehzar et tamam,

Ta edəm mən dərdi-eşqə zövqi-dərmandan hədis.

 

Qoy qədəm meydani-eşqə cəhd qıl, mərdanə var,

Başını ortaya sal, et kuyi-çovgandan hədis.

 

“Ürvətül-vüsqa” ki, derlər tari-zülfi-yar imiş,

Tut bu möhkəm riştəni, et gənci-pünhandan hədis.

 

Qafil olma naleyi-şəbgirü ahi-sübhdən,

Vasil ol dildarə, az et şami-hicrandan hədis.

 

Mən ki meydən küsmüşəm, əfv eyləsin saqi məni,

Küfrdir gər bir də etsəm rahi-reyhandan hədis.

 

Cummuşam dəryayi-eşqə qutəvər qəvvas tək,

Çəkmişəm dəm, eylərəm bir dürri-qəltandan hədis.

 

Pərtövi-ənvari-hüsnün görsə zahid, həqq bilir,

Tərk edər firdövsi, etməz hurü qılmandan hədis.

 

Nöqteyi-xalın xəyalı lal edibdir nitqimi,

Kim nə təqrir ilə qılsın cövhəri-candan hədis.

 

Eşq bazarında ancaq hüsni-güftar istərəm,

Təb’i-gövhərbarım eylər mahi-Kən’andan hədis.

 

Bəs ki, xugər olmuşam məhrulərin güftarinə,

Ləhzə-ləhzə eylərəm xurşidi-rəxşandan hədis.

 

Bir pəri-peykər nigarın vəsfini şərh eylərəm,

Etmənəm mən özgələr tək xanü sultanım hədis.

 

Ey dəbiri-nüktəpərvər, tutiyi-şirin zəban,

Dəmbədəm “hu-hu” çəkib, et Sədri-dövrandan hədis.

 

Hadiyi-rahi-həqiqət, mürşüdi-sahibnəzər,

Nöqteyi-pərgari-aləm, bəhri-ürfandan hədis.

 

Xosrovü Şirinü Fərhadi Nizamidən soruş,

Kim, Nəbati daim eylər, şahi-mərdandan hədis.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info