Qonaq Kitabı
Eylə məstəm bilməzəm kim, mey nədir, mina nədir!

Eylə məstəm bilməzəm kim, mey nədir, mina nədir!

Gül nədir, bülbül nədir, sünbül nədir, səhra nədir!

 

Od tutub canım sərasər yandı, amma bilmədim

Dil nədir, dilbər nədir, başımda bu sevda nədir?

 

Bilmədim ömrümdə heç bir küfrü iyman hansıdır,

Əhmədi-Məhmud kimdir, Musiyü Isa nədir?

 

Şahbazi-övci-vəhdət, vahidü həyyü qədim,

Xaliqi-ərzü səma ol fərdü bihəmta nədir?

 

Sədri-eyvani-cəlalət, şəm’i-bəzmi-kainat,

Afitabi-ərşi-izzət “lafəta illa” nədir!

 

Türrəhatı qoy kənarə, rəqsə gəl divanəvar,

Gəl, xərabat içrə gör bu şurişü qovğa nədir!

 

Dürdi-safi gözləmək vaxtı deyil, saqi, aman!

Şişə ver, peymanə ver, sağər nədir, səhba nədir!

 

Dur, gözün qurbanıyam, məstanə gəl, rindanə ver,

Çox demə Cəmşiddən, Isgəndərü Dara nədir!

 

Lövhəşəllah, kimdi bilməm, eşq divanın yazan,

Aşiqü mə’şuq kimdir, Vamiqü Əzra nədir!

 

Şahidi-xəlvətnişinim etdi rüxsarın əyan,

Aşiqi-divanə, gəl gör zahirü ixfa nədir!

 

Yetdi ömrün axirə, sən bir, Nəbati, bilmədin,

Kimdi bu gözdən baxan, ya dildə bu guya nədir?



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info