Qonaq Kitabı
ŞƏHƏR İŞLƏRİ

Bütövü kəsmə, paraya dəymə, doğra doyunca ye

A t a l a r   s ö z ü

 

S ə d r. Camaat! Sizi bura çağırmışıq ki, bir yaman xəbər verək. bizi soyurlar.

C a m a a t. Bilirik, bilirik. Şəhər xarab oldu, əldən getdi... Bunların hamısını bilirik.

B i r i s i. Bayıra çıxırıq, qorxuruq, evimizdə otururuq, qorxuruq.

B i r   a y r ı s ı. Vay odur ki, poçtdan kağız alam, ürəyim qopub dabanıma düşür. Deyirəm ki, yəqin anonimni kağızdır, pul istəyirlər. Vallah, odur ki, bütün dost-aşnaya yazmışam ki, daha mənə bu günlərdə kağız yazmasınlar. Çünki sözün doğrusu, hər kağız aldıqca, sarılıq azarına düşürəm.

B i r   ö z g ə s i. Əşi, sən onu deyirsən. Mən yazıq nə qayırım ki, evimizin qapısı ağzında fayton səsi eşidən kimi deyirəm: Vay, məni oğurlamağa gəldilər. Odur ki, cəmi tanışlarımdan təvəqqə eləmişəm ki, bizə faytonla gəlməsinlər.

B i r  q e y r i s i (Kamali-naümidlə). Qapımızın izvanökini sındırmışam. Nə qayırım, a başına dönüm, izvanök “cırt” elədikcə, məndə ürək qalmır ki...

S ə d r. Bunlar hamısı ona dəlildir ki, bizi soyurlar. Ona görə də buraya yığılmışıq ki, bu barədə bir əncam tapasınız. Hər nə ürəyinizə, ağlınıza gəlir, hamısını açın, burada deyin, bəlkə Allah belə eləyə ki, bir əncam tapıla.

B i r   n ə f ə r. Cənab sədr, əvvəla, təvəqqə eləyirəm ki, burada bir nəfər intelligent olmasın və hərgah varsa da, dursun, bassın bayıra.

S ə d r. Arxayın ol. Biz buraya bir nəfər də intelligent çağırmamışıq.

S ə s l ə r. Afərin bu tədbirə!

S ə d r. Çox sağ olin! İndi buyurun, danışın görək, nə qayıraq?!

B i r   n a t i q. Camaat, danışmaq, üçün mənim ürəyimdə çox söz var, amma, heyf ki, boğazım quruyub və nitqim tutulub. Boğula-boğula adamların hamısının xasiyyətinə bələd deyiləm. Bəlkə sözüm birisinə xoş gəlmədi, onda gərək buradan bayıra çıxmayam...

Ö z g ə   n a t i q. Camaat, siz nə qorxaq adamlarsınız?! Bu işlərin özgə bir əlacı yoxdur, tək bircə əlacı var ki, onu sizə deyirəm. Bütün soyğunçuların hamısının adlarını yazmaq və cənab qradonaçalnikə vermək və ondan təvəqqə eləmək ki, o adamların hamısını köhnə dumun qabağında assınlar, vəssalam!

D i g ə r   b i r   n a t i q (Əvvəlkinə). Balam, Allah səndən razı olsun. Savadın varmı?

Ə v v ə l k i   n a t i q. Necə?

İ k i n c i. Hərgah savadın varsa, ala bu qarandaş-kağızı, o adamların adlarını yaz, yoxsa sən de, mən yazım.

B i r    s ə s (Əvvəlki natiqə). ... filan... zəhmət çək, bayıra çıx, səninlə bir müxtəsər işim var...

Ə v v ə l k i   n a t i q. Bu saat gəlirəm. Camaat, ancaq o adamların adlarını mən bilmirəm və mənim o cürə şeylərdən əsla xəbərim olmaz. Bir sözdür dedim, hamı danışır, biri də mən. Yoxsa mən nə bilirəm ki, soyğunçu kimdir?

B a ş q a   b i r   n a t i q. Camaat, buraya yığılan adamların hamısı bakılıdırmı?

S ə s l ə r. Həri, həri! Necə?

H a m a n   n a t i q. Heç, elə onu xəbər alırdım...

S ə d r. Vinovat! Tək bircə mən bakılı deyiləm, özüm də Kurskdan gəlmişəm.

S ə s l ə r. Əgər yoxdur, deyin görək, nə eləmək lazımdır?

B i r    n a t i q (Ayağa durub, ora-bura boylanır)...

S ə s l ə r. Nə axtarırsan?

H a m a n   n a t i q. Burada molla yoxdur ki?

S ə s l ə r. Xeyir, mollanın burada nə işi var?

H a m a n   n a t i q. Çox yaxşı. Keçən səfər klubda qumar oynayırdım. Gördüm ki, birisi gəldi və mənim yoldaşımdan min manat pul aldı. Soruşdum ki, nə üçün o səndən min manat pul aldı. Cavabında dedi ki... (Bərk öskürürlər), cavabında dedi ki, pul alan... qardaşımdır (Oturur).

A y r ı    n a t i q. Camaat, vallah, adam ürəyinin sözünü açıb deyə bilmir, belə can şirindir, nə etmək? Yenə bir ayrı yer ola...

B i r i s i. Camaat, durun gedək məscidə!..

A y r ı   s ə s. Bəli, yumurtası tərs düşmüş toyuq kimi o taxçadan bu taxçaya atılaq. Hər nə sözünüz var, burada deyin, vəssalam.

T ə z ə   b i r   n a t i q. Həzərat! Həmin bu cürə işlər ki, bu gün bizim Bakıda vaqe olur, haman bu işlər hamısı bütün Rusiyada da vaqe olur. (Sədr başını qalxızır). Bu nizamsızlıqların hamısına da səbə Rusiyada mövcud olan istibdad...

S ə d r (Bərk çığırır) – O, hey! Oralara əl uzatma. Vallah, məclisi bağlaram.

S ə s l ə r. Otur aşağa!

B i r i s i. Cənab sədr, səndə durbin yoxdur ki?

S ə d r. Xeyir, nəyə lazım idi?

B i r i s i. Heç, bu danışan oğlana durbinlə yaxşı baxacaqdım, çünki çox şübhəli görünür, qorxuram ki, intelligent ola.

S ə d r. Əşi, o barədə arxayın ol!

B i r   n a t i q. Camaat, yadıma bir yaxşı şey düşdü. Gəlin, təzədən bir “hidayət” məclisi quraq.

B i r   q e y r i s i (Acıqlı). Nə deyirsən?!

Ə v v ə l k i. Heç! Deyirəm ki, hamısından yaxşısı budur, gəlin, müsəllaya çıxaq.

S ə d r. Ağlınız nə kəsir?

A y r ı   n a t i q. Bilirsiniz nə var? Bu işlərin hamısının təqsiri qaradovoylardadır.

S ə d r. A kişi, mən imanım, qaradovoylarda təqsir yoxdur. Eşşəyə gücünüz çatmır, palanı toqqaşlayırsınız!

S ə s l ə r (Ağlamsınaraq). Di yaxşı, bəs nə olsun?! (Hamı başını aşağı salır. Bəziləri dəsmal çıxarırlar).

B i r   n a t i q. Həzərat! İzn verin, sizin üçün bir nağıl söyləyim. Çünki bu nağıl məsələni bir qədər həll edər.

S ə s l ə r. Söylə, söylə.

H ə m i n    n a t i q. Camaat, biri var imiş, biri yox imiş. Bir kor varmış, bir də bir kar varmış. Bunlardan başqa bir də bir çılpaq varmış və əlavə bir də bir çolaq varmış. Camaat, günlərin bir günü bunlar hamısı səfərə çıxıb, bir yerdə gecələyirlər. Birdən bunları vahimə basır. Kor deyir: “Gendən bir qaraltı görürəm...” Kar deyir: “Mən də şaqqıltı eşidirəm”. Çılpaq deyir: “Adə, birdən bizi soyarlar, ha!”. Çolaq da deyir: “Durun, qaçaq!”. Camaat, nağıl qurtardı. O yedi yerə keçdi, siz də yeyin, dövrə keçin.  Vəssalam!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info