Qonaq Kitabı
YUXUDA

Əvvəlinci məclis

     Şahın sarayında, bir qapının ağzında vaqe olur.

Ş ü c a  N i z a m. Mən deyirəm ki, şahın yanına bir-bir gedək.

M ü c t ə h i d  M i r z ə  H ə s ə n. Nə üçün? Hamımız bir yerdə girsək nə olar?

Ş ü c a  N i z a m. O da yaxşı olar, ancaq...

M i r  H a ş ı m. Mən də o fikirdəyəm ki, bir-bir girsək yaxşı olar!

M ü q t ə d i r i d d ö v l ə. Mən də buna razıyam.

R ə h i m  x a n. Yoxsa bir-bir girib məndən şaha şeytanlıq eləmək istəyirsiniz?

Ş ü c a  N i z a m. Əşi, ayıb deyilmi belə sözlər danışırsan?

R ə h i m  x a n. Yox, şahzadə! Mən sözü açıq danışıram. Demə ki, bu bir çöl tərəməkəsidir, qanmır, amma mən sözü açıq danışaram: şahın özünə də açıq söyləyəcəyəm! Mən, mən... biclik bilmərəm.

Ş ü c a  N i z a m (acıqlı). Xan! Sən padşahı söyürsən!

R ə h i m  x a n. Mən padşahı söymürəm! Mənim ürəyim...

Ş ü c a  N i z a m (lap acıqlı). Xeyr, sən padşahı söyürsən. Sən mənə xanəzadə, şahzadəyə bic deyirsən və halonki, mənim atam da, anam da məlumdur.

R ə h i m  x a n. Mənim sənin atanla və ananla işim yoxdur... və təvəqqe edirəm ki, hirsini basıb top kimi açılmayasan, mənim xasiyyətim bir qədər tünddür!

Ş ü c a  N i z a m (hədə ilə.) Yaxşı... Çox yaxşı...

M ü c t ə h i d  M i r z ə  H ə s ə n. Əşi, bəsdir, ayın deyilmi, uşaq deyilsiniz ha!

M i r  H a ş ı m. Bura Təbriz deyil ha! Bura hadşah qapısıdır.

R ə h i m  x a n. Bilirəm, sizin hamınızın fikri nədir! Amma şahı aldada bilməzsiniz!

M ü q t ə d i r i d d ö v l ə. Xan, ümidvaram ki, sən mənə yaxşı bələdsən!

M i r z ə  H ə s ə n. Allahın kəlamına and olsun, heç qanmıram ki, bu nə söhbətdir.

R ə h i m  x a n. Sizin hamınıza yaxşı bələdəm.

M i r  H a ş ı m (cibindən tənbəki çıxardıb, çubuq hazırlayır). Xan, çubuq dartırsan?

R ə h i m  x a n (etinasız). Yox, başım ağrıyır.

M ü q t ə d i r i d d ö v l ə. Məndə bir qədər baş ağrısı davası var, istiyirsən?

R ə h i m  x a n. Yox, o davalar mənə kar eləməz.

M i r z ə  H ə s ə n. İstəyirsən baş ağrısı duası yazım.

R ə h i m  x a n. Yox, ağa zəhmət çəkmə! Mənim bütün əhvalım pərişandır.

Ş ü c a  N i z a m. Xan, mən sənin xatirinə dəydim, təvəqqe edirəm ki, bu adamların içində məni bağışlayasan, özün bilirsən ki, Təbrizin əldən getməyi nə təhər əsər eləyib. Bir qədər dilim acı olub, bağışla xan! (Yanına gedir, əl verir.)

R ə h i m  x a n (bu işdən xoşlanıb). Allah bağışlasın, mənim də dediyim odur ki, mən sizin hamınızdan qocayam, özümün də sənətim gündüz axşamadək cəngü-cidal idi. Bir dava olurdu ki, mən basırdım, bir dava olurdu ki, mən basılırdım. İndi Təbriz davasında mən basıldım. Nə zərəri var, sabah Şiraz davası olar mən basaram. Dediyim budur, elə şaha da belə deyəcəyəm, mənim təqsirim yoxdur. Mənim sənətim belədir.

H a m ı s ı. Əlbəttə, əlbəttə, bizim heç birimizin təqsiri yoxdur, ancaq iş burdadır ki, o tərəf güclü oldu. Ona görə... iş də belə oldu!...

 

İkinci məclis

      Şah otağında

Ş a h. Sonra nə oldu?

Ş ü c a  N i z a m. Fəda olum sənə! Sonra mən Rəhim xana dedim ki, indi ki sən dava eləmək istəmirsən, onda sən Təbrizdən çıx get, ancaq qoşunu ver mənə dava edim. Buna da razı olmadı. O tərəf isə getdikcə hücumunu artırıb bizi dara saldı! Yenə Rəhim xana yalvardım ki, Allaha baxsın, səni arada görsün, bizə kömək eləsin. Qulaq asmadı, axırda bir də eşitdik ki, Rəhim xan öz qoşunu ilə Təbrizdən çıxıb qaçıbdır.

Ş a h. Yaxşı get o biri otağa. Mir Haşım gəlsin.

Şüca Nizam çıxır, Mir Haşım girib səcdə edir.

Ş a h. Söylə görək əhvalat nə tövr oldu.

M i r  H a ş ı m (durur). Bi əbi əntə və ümmi! Ayağınızın torpağına fəda olum şah, bizim evimizi yıxan Şüca Nizam ilə müctəhid Mirzə Həsən oldu.

Ş a h. Həə!.. Yaxşı get, Müctəhid gəlsin!

Mir Haşım çıxır, Mirzə Həsən ərəbcə sözlər oxuya-oxuya daxil olub səcdə edir.

Ş a h. Söylə görüm əhvalat nə tövr oldu?

M ü c t ə h i d  M i r z ə  H ə s ə n. Fəda olum sənə, dünyada hər şeyin bir başı olar və bir də ayağı. Məsələn, sən bizim başımızsan biz də sənin ayağın...

Ş a h. Mətləbi söylə görək iş nə tövr oldu?

M i r z ə  H ə s ə n. Sənə fəda olum, hərgah Şüca Nizam, Mir Haşım və Müqtədiriddövlə olmasaydı, təbriz əldən getməzdi.

Ş a h. Yaxşı get, Müqtədiriddövlə gəlsin!

M ü q t ə d i r i d d ö v l ə. Xaki-payinə qulamın canı qurban! Şüca Nizam, Müctəhid Mirzə Həsən, Mir Haşım – Təbrizi fənaya verdilər. (Gedir.)

Ş a h. Rəhim xan gəlsin. (Rəhim xan gəlir.) Çağırın Şüca Nizamı, Mir Haşımı, Mirzə Həsəni, Müqtədiriddövləni. (Hamısı daxil olurlar.)

Ş a h (Şüca Nizam). Bəs sən deyirsən ki, Təbrizin batmağına Rəhim xan səbəb oldu?

Ş ü c a  N i z a m (Rəhim xana baxıb). Bəli, şah sağ olsun!

R ə h i m  x a n (acığından dişini qıcayır). Sən namərdsən!

Ş a h. Xamuş! Müctəhid sən də deyirsən ki, təqsirkar Şüca Nizam, Mir Haşım və Müqtədiriddövlə idi?

Ş ü c a  N i z a m, M i r  H a ş ı m və M ü q t ə d i r i d d ö v l ə. Şah sağ olsun, təqsir bu əmmaməli müctəhidin özündə idi.

Ş a h. Mir Haşım, sən də deyirdin ki, təqsirkar Şüca Nizam ilə müctəhiddir.

M i r  H a ş ı m. Şah sağ olsun, Şüca Nizamı da dedim? Gərək ki, onu...

Ş a h. Müqtədiriddövlə, sən də söylədin ki, Şüca Nizam, Mirzə Həsən, Mir Haşım təqsirkar idilər.

M ü q t ə d i r i d d ö v l ə. Şah sağ olsun, bəli!

M i r  H a ş ı m. Müqtədiriddövlə, məni də təqsirkar bilirsən?

M ü q t ə d i r i d d ö v l ə. Bəs sən məni nə üçün deyirsən?

M i r  H a ş ı m. Mən səni deməmişəm.

M ü c t ə h i d. Yaxşı, cənab Müqtədiriddövlə və Mir Haşım, sizin sözünüzdən bu çıxır ki...

Ş ü c ü  N i z a m. Cənab müctəhid, heç utanmadın ki, sən məni böhtan altında..

R ə h i m  x a n. Görək, Şüca Nizam, qalsın səninlə...

 M ü q t ə d i r i d d ö v l ə. Ayıb olsun sənə, Mirzə Həsən, mən səni bir adam...

Ş a h (bərkdən). Lyaxov!

     Lyaxov daxil olur.

Ş a h. Bu adamları aparıb top ağzına qoyarsan. Ən əvvəl müctəhidi toplarsan.

M i r z ə  H ə s ə n. Vay, dədəm vay, ah, şah başına dönüm, sənə qurban olum, mənə yazığın gəlsin! Mənə yazığın gəlsin, sənə qurban olum, vay...

-Ağa, ağa, ağa

M i r z ə  H ə s ə n. Haa!..

-Nə pis sayıqlayırsan!

M i r z ə  H ə s ə n. Paho!.. Bari pərvərdigara, şükür olsun sənə, yaxşı ki, yuxu imiş!

-Nə olub?

M i r z ə  H ə s ə n. Balam yuxumda gördüm ki, Təbrizi Səttarxana verib, Tehrana qaçmışıq, şah da bizi top ağzına qoydurub.

-Ağa, elə axırda da o cürə olacaqdır. Bizi ya Səttərxan topa qoyacaqdır, ya ki şah. Bu ikisindən xali dəyilik. Nahaq yerə özümüzü əngələ saldıq!..



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info