Qonaq Kitabı
QUYRUQLU ULDUZ

İki pərdəli komediya. Yaxud “Revizor”u yamsılamaq.

 

Əvvəlinci məclisdəki əfrad-i əhli-məclis

 

H a c ı  Q ə m i ş – tacirdir.

C a h i l  o ğ l u  Q a t i l – işi məlum deyildir.

Ş ə r m i s a r  b ə y – bəydir.

 

(Pərdə qalxır.)

 

Ş ə r m i s a r  b ə y (əlində rus qəzeti). Həzərat, sizi buraya çağırmaqda məqsədim sizə bir pis xəbər verməkdir.

H a c ı  Q ə m i ş (kənara). Pis xəbər verən, evin yıxılsın!

C a h i l  o ğ l u  Q a t i l. Nə pis xəbərdir?

Ş ə r m i s a r  b ə y. Göydə quyruqlu ulduz görünübdür. Budur qəzetdə yazıbdır. Haman bu ulduz, bir neçə aydan sonra yerə düşüb, hər nə günahkar adam var, hamısını quyruğu ilə yandıracaqdır.

H a c ı  və  Q a t i l (bir yerdə). Bəh, bəh!.. Bunu bizə nə üçün deyirsən?

Ş ə r m i s a r  b ə y. Bəs kimə deyim?

H a c ı  və  Q a t i l. O adama söylə ki, günah sahibidir, biz ki əlhəmdülillah müsəlmanıq.

Ş ə r m i s a r  b ə y (özü də şad olur). Əlbəttə, mən özüm də müsəlmanam və o ulduzun nə quyruğundan və nə başından qorxuram. Ancaq bunu sizə deməkdən məqsədim yenə də, hər halda xəbərdarlıqdır ki, bəli, o vaxt ulduz yerə düşəndə vahimə etməyəsiniz.

H a c ı  Q ə m i ş. Ancaq mən bilmirəm ki, o ulduzun göydə durduğu halda yerdə nə iş Q a t i l. i var?

Q a t i l. Necə? Yoxsa öz müsəlmanlığından arxayın deyilsən?

H a c ı. Arxayın olmasaydım, mən də sənin kimi həccə getməzdim! Ulduzun yerə düşməsinin o tərəfi xoşagələn deyil ki, yerdə olan günahkarları yandırıb müştərilərimizi azaldacaqdır.

Ş ə r m i s a r  b ə y. Bax, Hacı sən deyirsən ki, arxayın olmasaydım, həccə getməzdim. Sənin bu sözün, bağışla, ancaq məni bir qədər şəkkə salır. Çünki mən, mən Şərmisar bəy öz müsəlmanlığımdan arxayınam ki, həccə getmirəm!

Q a t i l. Əlbəttə! Mən özüm də o cürəyəm! Mən öz müsəlmanlığımdan arxayın olmasaydım, başlardım həccə getməyə, ehsan verməyə, qurban kəsməyə.

H a c ı. Şərmisar bəy, məgər sən öz müsəlmanlığından arxayınsan?

Ş ə r m i s a r  b ə y. Arxayınam!

H a c ı. Bəs nə tövr arxayınsan ki, əlinə qazut alıb oxuyursan, halbuki haman qazutu çıxardan kafirlərdir və o kafirlərdir ki, quyruqlu ulduz gəlib onları yandıracaqdır.

Q a t i l. Doğru deyir!

Ş ə r m i s a r  b ə y. Ha, ha, ha, ha... Bəs Hacı, sən burdan Məskova gedəndə nə üçün vaqona minirsən? Məgər bilmirsən ki, vaqonu çıxardanlar da kafirlərdir?

Q a t i l. Bu doğru deyir.

H a c ı. Mənim əlacım olsa, vaqona minmərəm. Amma sən nəinki qazut oxuyursan, hələ hətta çaxır da içirsən!

Q a t i l. Bu da yalan demir! Sən çaxır içirsən!

Ş ə r m i s a r  b ə y. Doğrudur, mən çaxır içirəm və günah eləyirəm. Amma bəzi vaxt olur ki, ayıq da oluram. Bundan əlavə nə sənin kimi, Hacı dörd arşında arşınyarım kəf gedib, puluma haram qatmıram, hə də sənin kimi cəllad olub xalqın başını kəsmirəm.

H a c ı. Doğrudan, birdən olur ki, arşında səhv düşür, çünki ölçüdə adam karıxa bilər. Amma sən onu de ki, hər cümə axşamı oruc tuturam və bir tələbə gətirib qarnını doydururam, amma sən qumar da oynayırsan.

Q a t i l. Doğrudur, mən az adam öldürməmişəm. Bunu da hər kəs bilir və polisiyaya da yəqindir, amma sən orasını da de ki, ömrüm olanı bir dəfə də üzümə ülgüc dəyməyibdir. Həddi-büluğa yetəndən bəri bir kərə də olsun ayaq üstə bovl eləməmişəm! Amma sən çaxır içirsən, qumar oynayırsan, üzünü qırxdırırsan və üzdən iraq soldan kimi də ayaq üstə divarın dibini gözləyirsən.

H a c ı. Hələ təharət almağından da şəkkim vardır.

Ş ə r m i s a r  b ə y. Mən hər nə eləyirəm öz nəfsimə eliyirəm. Amma siz xalqın evini yıxırsınız. Mənim ömrümdə əlimdən tək bircə dənə xəta çıxıbdır ki, bir gün keflənib butulka ilə Sərkis bəyin başını yarmışam və ayılandan sonra da çox pərişan olub ondan “izvineniya” istəmişəm. Amma siz... Ux, Allah heç kafir bəndəsini də sizə rast eləməsin, yamanca ev yıxansınız.

H a c ı. Bəs sən özün qumar oynayıb, xalqın pulunu udub evini yıxmırsan?

Ş ə r m i s a r  b ə y. O məni udmasın, mən də onu udmayım.

Q a t i l. Əcəb! Onda o məni öldürmək üçün gizlənməsin, mən də onu öldürməyim!

H a c ı. Vallah, o adam ki, mən səhvən arşında ona kəf gedirəm ha... hərgah onu buraxsan, o saat mənim dükanımı yarar. Mən bilirəm bu camaatı.

Ş ə r m i s a r  b ə y. Qərəz, adam gərək insaflı olsun. Əgər mən günahkaramsa, sən də günahkarsan, o da günahkardır. O biri də günahkardır. Dünyada günahsız adam yoxdur.

H a c ı. Bəs günahı da savab yuyar! Odur mən bir günah buraxıramsa da iki savab edirəm. Çox vaxt üç rükət axşam namazı əvəzində mən qəsdən dörd rükət qılıram ki, biri də artıq olsun. İndi o artıq rükətin savabı bir köpükdən hesab olunsa, gör onun pulu hara vurar?

Q a t i l. Əşi, vallah öldürdüklərim adamların hamısının qanı mənim üçün dəryaca günah olsa da, bir adam öldürmüşəm ki, onun savabı hamısını yuyub aparar. Məlun oğlu Qara Vəlini deyirəm ey, deyirlər istəyirmiş babı olsun.

Ş ə r m i s a r  b ə y. Canım, günah eləmək bir günah, günahı da danmaq iki günah. Hamısından yaxşısı budur ki, şək-şübhədə və qorxuda qalınca, duraq burdan gedək axundun yanına, öz əhvalatımızı ona söyləyək və hər nə lazımdır, ona verək, baxsın görsün hərgah günahımız savabımızdan çoxdursa, o halda bundan sonra başlıyaq ulduz yerə düşənə qədər ibadətə məşğul olaq. Elə ki, ulduz gəlib bizdən ötdü, getdi, genə də öz işimizdə davam edərik.

H a c ı  və  Q a t i l. Çox əcəb, artıq danışmaq nə lazım, gedək axundun yanına.

(Çıxıb gedirlər.)

 

P Ə R D Ə



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info