Qonaq Kitabı
POLİTİKA KOMEDİYASI

Əvvəlinci məclis

 

Ə h l i – m ə c l i s:

İ n g i l i s

R u s i y a

F r a n s a

A l m a n i y a

A v s t r i y a

O s m a n l ı

İ r a n

Y a p o n.

 

Bunlar hamısı sağ və salamat ayaq üstə durubdular. Ancaq İran yerə yıxılıb, bərk qızdırmanın içində əl-ayaq çalır, Osmanlı da zəif halda yorğan-döşəkdə üzüquylu uzanıb, hərdən bir başını qaldırır və ayaq üstə duranlara baxıb, yenə tez yorğanı çəkir başına.

 

A l m a n (İrana). İndi necəsən, dadaş?! Qızdırman təfavüt eləyirmi?

İ r a n (naümid bir halda). Ölürəm, başına dönüm! Bütün cəmdəyim od tutub yanır...

A v s t r i y a (başını bulayıb). Axı, sənə kim deyirdi ki, kal qarpız yeyəsən? Sənin mədən dəyməmiş meyvələri həzm edərmi?

O s m a n l ı (Yorğanı qalxızıb, İrana tərəf) – Öl, a, canın çıxsın! Böyük sözünə baxmayan belə olar! Çək əzabını!

A l m a n (İrana). Yaxşı, bəs mən verdiyim bank davasını yemirsənmi?

İ r a n. Axı, qorxuram qusam!

A l m a n. Qorxma, qorxma, qusmazsan. Mənim davam rus və İngilis davası kimi deyil, tez ye, rahat olarsan.

 

Bu halda rus, İngilis və Fransa Alman və İran tərəfə baxıb pıçıldaşırlar.

 

İ n g i l i s. Mən imanım, İranın nə qəzdərması var, nə üşütməsi. Bunlar hamısı A l m a niyanın kələyidir ki, İranın cibini bizdən uzaq etmək istəyir. Və ola bilsin ki, onu bizim üstümüzə qalxızsın da!

R u s i y a. Mən də elə qanıram.

F r a n s a. Ondan hər nə desən çıxar, görmədin necə bizi Osmanlının kisəsindən məhrum elədi?!

İ n g i l i s. Deməli, daha biz pəs! Alman bu iki müsürmanı tovluyub cibini soysun, biz də yad pişik kimi gendən tamaşa eləyərk?!

İ r a n (Ahu-zar ilə) – Ay Allahı sevən, mənə bir əlac, ölürəm!

O s m a n l ı (İrana bir təpik vurur). Əşi öl də, bu nə can çəkmədik ki çəkirsən!

 

Iran bərk çapalayır, qəflətən əli R u s i y a nın ayağına dəyir.

 

İ n g i l i s və F r a n s a (R u s i y a ya). Bax, Alman Osmanlıya nə öyrətdisə, Osmanlı da İrana işarə elədi ki, səni vursun, o da vurdu.

R u s i y a  (İrana). Sataşma, bala! Yoxsa, səni tapdalaram!

İ n g i l i s və F r a n s a. Yerinə olsam, pul istərəm.

R u s i y a  (İrana). Ayağımı əzdin, bir az pul ver, dərman alım qoyum.

İ r a n (Güclə bir abbası çıxardır). Gözümün ağı-qarası budur... Vay!..

İ n g i l i s və F r a n s a. Amma verməsəydi, qapazlamaq vacib idi, ha! Əşi, gəlin bir iş edək!

R u s i y a. Nə iç?

İ n g i l i s. Gəlin, biz əl-ələ verib, bir-birimizə dayaq duraq, görək bunda Alman nə qayıracaqdır! Yoxsa, belə qalsaq, bu başımıza min kələk açar!

 

Hamı əl-ələ verirlər. A l m a n ortada qalıb təəccüb ilə baxır.

 

A l m a n. Yaxşı, məni ortaya salmaqdan qəsdiniz nədir?!

O n l a r (bir qədər qorxub). Heç nə! Bizim səninlə nə işimiz var?

A l m a n. Zərər yoxdur, hər nə bilsəniz edin. Bir belə də qorxan deyiləm!

İ n g i l i s. Axı kim səni qorxudur?

R u s i y a . Bizim səninlə nə düşmənçiliyimiz?!

F r a n s a. Guya, buna deyirik ki, bizdən qorx!

A l m a n. Bəs, nə üçün məni araya salırsınız?

O n l a r. Biz əl-ələ verməyək ki, sən araya düşürsən?

A v s t r i y a (Almana). Qorxma, ədə, bizdə burada varıq.

A l m a n (Osmanlıya göz eləyir). Lap yüz adam yığılsın, mən qorxan deyiləm! Qoy, əl-ələ versinlər, bizim də əlimiz vardır.

R u s i y a . İşə düşmədik?!..

F r a n s a. Bu, lari xoruzu görürsənmi?

İ n g i l i s (dinməyib-dinməyib birdən). Bəs, sən niyə İranı bizim üstümüzə qalxızırsan?

A l m a n. İranı sizin üstünüzə qalxızıram?

O n l a r. Bəli!

A v s t r i y a. İranda qalxmaq halında olsaydı, yıxılıb çapalamazdı.

O n l a r. Xeyr, onlar hamısı kələkdir. Osmanlı da sizin sözünüzə görə naxoşdur, amma, biz bilirik ki, bunlar hamısı nə biclikdir!

A l m a n. A-ha! Deməli, bu hiylə ilə siz məni təkləmək fikrindəsiniz, amma siz öləsiniz qorxmayacağam.

F r a n s a. Əşi, çox da belə xoruzlanma! Səninlə xoş danışdıqca ayağın yer alır, görünür.

A l m a n. Bəli, mən igidəm, boş danışma! Lap elə çığır ki, boğazın yırtılsın.

 

Səs-küy başlayır. Əhvalat özgə cür olmağa üz qoyur. Bu əsnada Y a p o n gendən başını çıxardıb bunlara baxır və bir qədər gülümsünür və fikir edir.

Ancaq Allah bilir ki, nə fikir edir...

 

P ə r d ə   d ü ş ü r

 

Hələ məlum deyil ki, ikinci məclis nə vaxt vaqe olacaq!



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info