Qonaq Kitabı
ÖZ MƏİŞƏTİMİZDƏN BİR DRAM

Əvvəlinci məclis

 

İki uşaq:

H ü m m ə t ə l i. Ədə, Həsən bəy, gəl mazı-mazı oynayaq.

H ə s ə n  b ə y. Nədən oynayaq?

H ü m m ə t ə l i. Lopuxdan oynayaq. Hərgah mən udsam, sənə dörd lopux vurum, hərgah sən udsan, mənə üç lopux vur.

H ə s ə n  b ə y.Əh, mən lopuxdan oynamaq istəmirəm...

H ü m m ə t ə l i. Di yaxşı, neynək, lopuxdan oynamırsan, gəl üz əlləmədən oynayaq. Hərgah mən udsam, sənin üzünü əlləyim, yox sən udsan, əvəzində mənim üzümü əllə.

H ə s ə n  b ə y i n  a n a s ı. Ədə ey, o nə yava-yava sözdür ki, mənim uşağıma deyirsən? Heç utanmırsan? Gedib indi bu saat nökərə deyim, gəlsin səni başına alıb elə yerə vursun ki, pırtdanağın çıxsın? (Hümmətəli qaçır, Həsən bəy də anasının yanına gəlir.)

 

* * *

 

İkinci məclis (polisxana)

P r i s t a v  H ə s ə n  b ə y. Gətirin görüm o dükançını! (Dükançı Hümmətəlini gətirirlər, prastav Həsən bəy onun üstünə çığırır.) Ədə, sənin adın nədir?

D ü k a n ç ı  H ü m m ə t ə l i. Bəy, məni tanımırsan? Bahalıq ili sizinlə qapı-qapıya olmurduqmu?

H ə s ə n  b ə y (acıqlı). Adını de görüm nədir? Artıq zəvzəmə!

H ü m m ə t ə l i. Vuy, ay Həsən bəy, nə tez bizi yaddan çıxartdın, uşaqlıqda elə il uzunu bir yerdə oynamırdıqmı? Yadındadırmı, bir dəfə də anan Şərəfcahan xanımın mənə acığı tutdu ha!

H ə s ə n  b ə y (yasavullara). Vurun bu zəvzəy oğlu zəvzəyi. (Yasavullar vururlar.)

H ü m m ə t ə l i. Əşi, daha niyə vurursunuz? Qoy adımı deyim dayna! Adə vurmayın, adım Hümmətəlidir, atamın adı... yavaş vur a zalım oğlu – Molla Cəfərdir, dayım mırığ Səfi, vay gözüm töküldü – ala itdən məşhurdur...

 

(Pərdə düşür.)

 

* * *

Üçüncü məclis (Beş ildən sonra, bazarda. Həsən bəy qulluqdan qovulmuş, əynində köhnə palto Hümmətəlinin dükanına tərəf gedir.)

H ə s ə n  b ə y. Salaməleyküm, Hümmətəli!

H ü m m ə t ə l i. Əleyküməssəlam, bəy! Ancaq, sən allah, dükanın qabağını kəsmə, müştərilər səni görəndə hürkürlər.

H ə s ə n  b ə y. Əşi, nə yaman kəmiltifat olmusan. Di, elə isə o üç qəpiklik papirosun birini ver, gedirəm Kəsbər gilə.

H ü m m ə t ə l i. Buyur! (Verir.)

H ə s ə n  b ə y. Sağ ol, qayıdan baş üç qəpiyini verərəm.

H ü m m ə t ə l i (əlini uzadır). Bəy, bir o papirosu bura ver!...

H ə s ə n  b ə y. Neyniyirsən?

H ü m m ə t ə l i. Sən bircə mənə ver. (Alır, qoyur yerinə.) Havaxt pulun olsa gəlib apararsan!

H ə s ə n  b ə y. Əşi, zarafat eləmə, bura ver, axşamdan boğazım göynəyir.

H ü m m ə t ə l i. Yox, Həsən bəy, verə bilmərəm, atamın goruna and içmişəm ki, heç kəsə nisyə verməyəm. Bir də məndən sənə əmanət, heç papiros çəkmə! Vallah... adama çox zərərdir, nahaq yerə döşünü tutur, onun əvəzində həmişə adət elə fındıq ye.

H ə s ə n  b ə y (gedə-gedə). Ey bivəfa dünya. (Gedir.)

H ü m m ə t ə l i (çırtıq çalıb oxuyur)

 

Yadındadır lopux-lopux, ay balam,

Mənə vurdun lopux-lopux, ay balam.

Ay ölləm, ölləm, gedərəm Elxana...

 

(Pərdə düşür.)



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info