Qonaq Kitabı
MÜƏLLİMLƏR İCTİMAI

Müəllimlər ictimaı camaat məktəblərinin müdiri narodnı inspektorunun cavabdəhəndəliyi ilə onun təhtisəda rətində olmalıdır. Sədr nə vaxt istəsə, məclisi bağlaya bilər, habelə də üzvlərinin hansını istəsə, məclisdən kənar edə bilər. Ictima 7 gündən artıq ola bilməz. Məclisə ancaq bircə inspektora tabe olan rayon Müəllimləri cəlb ola bilər, bundan başqa heç bir kəs məclisə buraxılmaz.

Məclisdə təlimdən qeyri heç müzakirə ola bilməz. Ictimaı edənlərin nə səsləri ola bilər, nə də qərarnamələri.

 

Ministr iznnaməsi.

1.

İ n s p e k t o r (syezdə yığılmış müəllimlərə). Xub, syezdimizi başlayaq. Amma necə ki, sizə məlumur ki, hər bir məclisdə bir başçı adam, yəni bir sədr olmalıdır. Sədr kim olsun?.. Bu məsələni (əlini uzadır Peterburqa tərəf) ministr cənabları özü həll eləyibndir.(Döşünə döyüb çığırır) Sədər mənəm! İndi mən ki, sizin inspektorunuzam və bir də sədrinizəm, məclisi açdım. Təvəqqə eləyirəm ki, qapıları bərk bağlayıb, oturasınız danışaq, ancaq qabaqca bircə məni arxayın eləyin görüm, içinizdə yad adam yoxdur ki?

M ü ə l l i m l ə r. Xeyr, yad adam yoxdur, tək bir özümüzük!

İ n s p e k t o r. Dürüst baxın, yoxsa sonra işin içindən xata çıxar!

M ü ə l l i m l ə r. Vallah, heç kəs yoxdur, tək özümüzük.

İ n s p e k t o r. “Vallah” dediyinizə inana bilmirəm. Çünki siz “təzə müsəlmanlarda”sız, Allaha inanmırsınız, düzünü deyin görüm, burada yad adam yoxdur ki?

M ü ə l l i m l ə r. Hərgah inanmırsınız, durun zəhmət çəkib baxın, cəmi-cümlətanı üç cüt bir tək adamıq! (kənara) Utanmasa, durub baxar!

İ n s p e k t o r. Sözün doğrusu, durub baxacağam, çünki mən ministrdən qorxuram, sonra xata çıxar (durub, baxır, görür ki, yad adam yoxdur).

M ü ə l l i m l ə r. Hə, gördün ki, biz “təzə müsəlmanlar” hamıdan artıq Allaha inanırıq?

İ n s p e k t o r (utanır). Əşi, nə bilim, deyirlər ki, “təzə müsəlmanlar” Allaha, peyğəmbərə inanmırlar. Görünür ki, sizin üstünüzə böhtan atırmışlar... Ancaq bunun syezdə dəxli yoxdur. Öz sözümüzü danışaq.

M ü ə l l i m l ə rdən biri. Cənab İnspektor, izn verin bir söz deyim.

İ n s p e k t o r. Balam, bu gün olmaz, Allah qoysa sabah danışarsan. Çünki indi gecdir, məclisi bağlayıram, durun gedin və sabah bir az tezdən gəlin, danışaq.

M ü ə l l i m l ə r (gedə-gedə). Bəli! Bu gün belə iş getdi! Görək sabah nə olacaq?

 

2.

İ n s p e k t o r. Məclisi açıram, indi hər kəsin nə sözü var danışa bilər. Allaha şükür, azadlıq verilibdir, siyasi, iqtisadi, ictimai məsələlərdən savayı hər nə istəsəniz məktəb barəsində söyləyə bilərsiniz. Buyurun!

M ü ə l l i m l ə r d ə n   b i r i. Biz müsəlman millətinin maarif cəhətincə geridə qalmağımıza səbəb...

İ n s p e k t o r. Yavaş görüm, hansı müsəlman millətini deyirsən?

M ü ə l l i m. Biz Rusiya müsəlman millətini deyirəm. Necə?

İ n s p e k t o r. Nahaq yerə sən rlə sözlər danışırsan, Rusiyada müsəlman milləti olarmı? Rusiyada ancaq rus milləti ola bilər. Və bir də axı “millət” sözünün bura nə dəxli var? Sən gərək məktəbdən savayı ayrı söz danışmayasan.

M ü ə l l i m (bilmir nə desin). Məktəb məsələsi lap vacib məsələlərin biridir...

İ n s p e k t o r (birdən). Tez ol, otur aşağa!

M ü ə l l i m (təəccüblə). Nə üçün, cənab İnspektor?

İ n s p e k t o r (lap arxayın). Çünki mənim kefim belə istəyir, ixtiyar sahibiyəm, istəsəm səni buradan qovaram da! Qoy indi özgəsi danışsın.

B i r   ö z g ə  m ü ə l l i m (durub danışır). Bizim hamıdan geridə qalıb mədəniyyət və mərifətdən məhrum olmağımıza səbəb məktəblərimizin azlığıdır. Ona görə bizə vacibdir ki, səy edib...

İ n s p e k t o r. Mənə də vacibdir səy edib sənə deyim ki, daha artıq müşərrəf eləmə!... Dilotu yeməmisən ha!.. Bir-iki söz dedin bəsdir. Qoy elə olsun ki, hamı danışa bilsin, tur!

B i r   a y r ı   m ü ə l l i m. Bizi hamı məzəmmət eləyir ki, biz bir vəhşi və qanıb-qandırmaz bir tayfayıq. Mənim buna heç bir sözüm yoxdur, amma əgər insaf məqamına gəlib, işin əslini axtarasan...

İ n s p e k t o r. Qurtardın?

M ü ə l l i m. Xeyr, hələ təzə başlayıram.

İ n s p e k t o r. Ancaq uzun eləmə.

M ü ə l l i m. Bəli, əgər işin əslini axtarsan, onda hər bir sahibi-vicdana məlum olar ki, burada məzəmmətə layiq biz dəyilik, bəlkə hökumətin özüdür ki, bizi...

İ n s p e k t o r (acıqlı). Hərgah bu saat buradan itilib, bayıra çıxmasan, iki nəfər qaradavoy çağırıb deyərəm ki, səni aparıb qazamata soxsunlar.

M ü ə l l i m. Qaradavoylara zəhmət vermək yaxşı deyil, mən özüm bayıra çıxaram (çıxır).

İ n s p e k t o r (onun dalınca). Hərgah bu gedənin axırı anarxist olmasa, mənə hər nə desəniz deyin. Bu cürəni işkolda saxlamaq olmaz. Gərək qovam getsin dərdinə!

M ü ə l l i m l ə r d ə n   b i r i.  İzn versəniz, mən də danışım!

İ n s p e k t o r. Yavaş, hləə bir az acığım soyusun, yoxsa bu saat elə bilirəm ki, dünya başıma hərlənir (acığı soyuyandan sonra). Danış görək, amma tez qurtar,füzulluq eləmə!

M ü ə l l i m. Siz bu məclisi açandan özünüz buyurdunuz ki, Allaha şükür, azadlıq verilibdir...

İ n s p e k t o r. Xub, bu cürə sözlərin məktəb məsələsinə nə dəxli var?

M ü ə l l i m. Bir az iltifat eləsəniz, görərsiniz ki, çox dəxli var.

İ n s p e k t o r. Təvəqqə eləyirəm ki, mənimlə o cürə zarafatları eləməyəsən! Danışırsan məktəbdən danış, danışmırsan otur yerə. Daha köhnə yorğan içi sökmə.

M ü ə l l i m l ə r d ə n   b i r   n e ç ə s i – Qaspadin İnspektor, bu olmadı ki!..

S a i r   M ü ə l l i m l ə r. Yox, qaspadin İnspektor, bu cürə isyezd olmaz ki, sən başlamısan. Buna polisxana deyərlər.

İ n s p e k t o r (acıqlı). Aha! Bunt eləmək istəyirsiniz?

M ü ə l l i m l ə r. İnsafın olsun, ay İ n s p e k t o r, məgər buna bunt deyərlər?

İ n s p e k t o r. Məktəbdən savayı hər nə danışsanız hamısı bunt və iğtişaşa dəlalətdir!

M ü ə l l i m l ə r hamısı bir yerdə (çırtıq çalıb oxuyurlar).

Gəlin gedək məktəbə,

Ay bəri bax, bəri bax!

İ n s p e k t o r (başı lovlu yüyürür telefonun ağzına və tələsik general qubernatoru çağırıb deyir ki,) Vaşe prevosxoditelstvo! Tezcə ol bura 100 nəfər kazak göndər. Uçitellər bunt eləyib, “Marselyoz” oxuyurlar. Bir az keçsə, bu evi dağıdacaqlar, tez ol ki, hökumət əldən getdi.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info