Qonaq Kitabı
MÜALİCƏ

Bir pərdəli komediyadır. Əhli-məclis

 

M ə ş ə d i   M i l l ə t – çoxdan bəri azarlamış bir kişidir.

M i r z ə   M ü c a h i d – həkimdir, özü də and içir ki, bütün təbabət elmini su kimi içibdir.

 

Məclis vaqe olur Məşədi M i l l ə tgilə. Məşədi M i l l ə t vayıldayır.

 

M ə ş ə d i   M i l l ə t. Vay azara düşən canım vay, davasız dərdə giriftar olan bədənim, vay, vay!

M i r z ə    M ü c a h i d. Nə olub sənə?

M ə ş ə d i   M i l l ə t. Azarlamışam, dərdə düşmüşəm!

M i r z ə   M ü c a h i d. Nəbzini görüm, azarın nədir? (baxır). Hə, bildim sənin azarın nədir, ancaq qorxma, heç bir şeyin yoxdur.

M ə ş ə d i   M i l l ə t. Vay, vay!..

M i r z ə   M ü c a h i d. Səhər ertə yerdən durandan könlün bulanmır ki?

M. M i l l ə t. Yox!

M. M ü c a h i d. Gərək bulanmasın... Axşam çay içəndən sonra qusmağın tutmur ki?

M. M i l l ə t. Heç çay içə bilirəm ki... vay!

M. M ü c a h i d. Gərək içə bilməyəsən... Hə, ürəyin xiyar istəyirmi?

M. M i l l ə t. İstəyir!

M. M ü c a h i d. Gərək istəsin!.. Durduğun yerdə gözün qaralırmı?

M. M i l l ə t. Bəli, qaralır!

M. M ü c a h i d. Bəs, gərək qaralsın... Badımcan dolması ilə aran necədir?

M. M i l l ə t. Adını çəkmə, qusaram!

M. M ü c a h i d. Gərək qusasan... Gündə neçə dəfə ayaqyoluna gedirsən?

M. M i l l ə t. Heç ayaqyoluna getmirəm!

M. M ü c a h i d. Gərək getməyəsən... Mənim rəhmətlik atamı tanıyırdın?

M. M i l l ə t. Yaxşı tanıyırdım.

M. M ü c a h i d. Gərək yaxşı tanıyasan... Həbbi-səlatin versəm içərsənmi?

M. M i l l ə t. İçə bilmərəm!

M. M ü c a h i d. Gərək içə bilməyəsən... Başın altına qoyduğun nədir?

M. M i l l ə t. Pul kisəsidir...

M. M ü c a h i d. Gərək pul kisəsi olsun... Balıq yağının içinə bir az şəkər töküb, içinə tüpürsən ağzına ala bilərsənmi?

M. M i l l ə t. Yox, iyrənirəm!

M. M ü c a h i d. Gərək iyrənəsən... O kisənin içindəki puldan mənə verə bilərsənmi?

M. M i l l ə t. Götür yarısı sənin olsun.

M. M ü c a h i d. (Pulu götürəndən sonra) Gərək yarısı mənim olsun. Azarlının yanında həkimin çox oturmağı yaxşı deyil. Gedirəm, xudahafiz! Amma heç qorxma, bir neçə gündən sonra ayağa durarsan (gedir).

M ə ş ə d i   M i l l ə t. Ay, başım töküldü, ay qarnım çatladı, ay qıçlarım sındı, ay, gözlərim çıxdı, ay, beynim burnumdan gəldi, ay, vay, haray, həkim, həkim, həkim!...

 

P ə r d ə   s a l ı n ı r



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info