Qonaq Kitabı
MOİZƏ

A x u n d. Ay camaat, indi ittifaq və ittihad vaxtıdır. Bundan sonra biz gərək hər bir işimizdə ittihad və ittifaqı əldən buraxmayaq. Amma onu da bilin ki, ittihad və ittifaqın əmələ gəlməsi üçün bir neçə şərtlər vardır ki, o şərtləri gözləməsən, ittifaq və ittihad əmələ gəlməz. Ay camaat, haman şərtlərdən biri budur ki, siz gərək ən əvvəl adam öldürməyi və qətl işlərini mövquf eləyib, bir-birinizlə mehriban olasınız.

C a m a a t d a n  b i r i. Axund, bağışla sözüvü kəsirəm, yerdə qalan şərtlərin hamısını qəbul eləyirəm, amma əvvəlki şərtə, sözün doğrusu, mən qol qoya bilməyəcəyəm. Ona görə gedirəm, ancaq daldakı şərtlərdən arxayın olun! (Gedir.)

A x u n d. Ay camaat, ikinci şərt budur ki, siz gərək ittifaq və ittihad naminə hər bir oğurluq və sirqəti bundan belə aradan götürəsiniz.

C a m a a t d a n  b i r i. Axund, sözünün qabağında oğlun dursa, əvvəlki şərtini də yerdə qalan şərtlərini yerinə yetirmək mənə borcdur, amma bu şərt ilə ki, indi, bu saat buyurduğun mənə vec verə bilməyəcəkdir. Ona görə məndən incimə, çünki bir bölük külfətim var, özüm də kasıbam, xudahafiz! (Gedir.)

A x u n d. Ay camaat, ittihad və ittifaq üçün lazımdır ki, bir-birinizə tərəfdar çıxıb, mərd-mərdanə iş görəsiniz və bir-birinizin “yanını” heç vaxt verməyəsiniz və bir-biriniz üçün quyu qazıb tələ qurmayasınız.

C a m a a t d a n  b i r i. Axund, qoy bircə sözüm var, onu deyim. Mən, nə adam öldürənəm, nə də oğruyam, amma, sözün doğrusu açıq-açığına burada deyirəm ki, mən namərdəm, mənim atam da namərd idi. Deyirlər, babam da çox namərd imiş. Ancaq bunu mən dürüst bilmirəm. Amma özüm namərdəm. Hərgah bu sözlərində sən namərdliyi pisləyirsənsə, onda məni “vur nağara, çıx qırağa”.

Salamat qal, çünki sənətimdən əl çəkə bilməyəcəyəm.

A x u n d. Ay camaat...

C a m a a t d a n  b i r i. Axund, sən allah, əvvəl məni başa sal görüm, o əvvəlki sözlərində danosbazlığa işarə olan bir şey yoxdur ki? Çünki bilirsən, mən bir az danos-zad yazıram. Amma bainhəmə adımı altına yazmıram, deməli, mən öz adımla heç kəsə zərər yetirmirəm. Hələ ki, xudahafiz. Yerdə qalan şərtlərin göz üstə qəbuldur.

A x u n d. Bunların hamısından sonra siz cəhd edin ki, ziyankarlıq və druyəlik-dən bəri olasınız...

C a m a a t d a n  b i r i. Axund, xudahafiz, mənimki də tutmadı.

A x u n d. Bunu da sizə deyim ki, dünyada mərdümazarlıqdan pis şey yoxdur.

C a m a a t d a n  b i r i. Rəhmətliyin oğlu, başına söz qəhətdir?! (Çıxır.)

C a m a a t d a n  b i r i. Axund, bax, hamını qaçırtdın, yerdə mən qaldım. Gör bir təhər eləyə bilərsənmi ki, aramızda razılıq olsun, çünki bu bir belə dediyin şərtlərdən hamısını qəbul eləmişəm.

A x u n d. Balam, daha sözüm qurtardı, bir onu deyəcəydim ki, hiylə və təzviri...

Y e r d ə  q a l a n. Axund demə! Demə! Canım sənə qurban; yoxsa mən də  qaçaram, iş xarab olar. Qoy, barı eşidib bilən desin ki, bizim içimizdə bircə dürüst adam var ki, o da mənəm.

* * *

İndi keçək ayrı mətləbə. “Həyat” rəfiqimizdən mənim rəfiqim “Birisi” deyir ki, “Bir-iki uçitel, bəşəxsən, Kroşevan ilə tanış olduqlarına görə, bir priqovor qayırıb veriblər Levitski təsdiq eləyib, sonra da göndəriblər Kroşevana ki, biz vəkil eləməmiş, hər kəs baydaq-zad götürsə, qəbul eləmə. Çünki baydağı ya bizim tazə müsəlman dəstəsi götürəcək, ya biz vəkil etdiyimiz şəxs. Rəvayətə görə, bunların priqovorunu Kroşevan öpüb gözü üstə qoyub, çünki bu priqovordan Kroşevanın burnuna vuruşma, təfriqə və pozğunluq iyi gəlib ki, bu da Kroşevanın proqramı ilə mütabiqdir.

Mən dünən bir türk qəzetəsində bir baş məqalə oxudum. O baş məqalənin ümdə məzmunu bax budur:

“Ay avam və fanatik müsəlmanlar, bir gün “tazə müsəlmanlar” bizim dinimizə rişxənd eləyirlər və islam dinini azadlıq kimi yaxşı şeyə zidd bilirlər, amma tək bircə mən deyirəm ki, islam dini azadlığa mütabiqdir, bunlar mənə də rişxənd eləyirlər, belə də şey olarmı?”. Mən, mən Filankəs, uçitellərin priqovorunu bilmirəm, amma burasını yəqin bilirəm ki, Kroşevan lap əvvəl haman bu qəzetənin bu baş məqaləsini öpüb gözünün üstə qoyacaq. Çünki əsil vuruşma, toqquşma, çırpışma, döyüşmə, söyuşmə, güləşmə, pozğunluq, qozğunluq, vurğunluq, təfriqə, müfriqə, cəfriqə iyi bu baş məqalədən gəlir. Bunu gərək “Birisi” rəfiqim də, öz aramızdır, lotu-lotuyana, mərd-mərdana iqrar eləsin.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info