Qonaq Kitabı
İRAN İŞLƏRİ

Ş a h (öz-özünə). Nə tövr eləyim? Doğrudan məclisi bir də açımmı, açmayım-mı? Məşrutəni verimmi, verməyimmi? Vallah qəribə işə düşmüşəm, heç baş açmaq olmur.

Ə m i r  B a h a d ı r (daxil olur). Sənə qurban olum! Buyur bu kağıza qol çək, bu qələm, bu da mürəkkəb.

Ş a h. O nədir? Nə yazılıbdır?

Ə m i r  B a h a d ı r. Bu dəsti-xəttdir və içində də yazdırmışam ki, məşrutə şəriyyətə xilafdır və məclis də olmayacaqdır.

Ş a h. Bəs biz vədə vermişdik ki, axı bu günlərdə məclisi açaq, nəinki bilmərrə bağlayaq.

Ə m i r  B a h a d ı r. Sənə qurban olum, fərman sənindir, ancaq məclisi əgər bir də açsaq, nə qədər ki, İranda molla var, yəni İranın yarısı bir iğtişaş salarlar ki, Təbriz iğtişaşı onun yanında zərafət hesab olunar. Əgər mən qocanın bu sözlərinə inanmırsınızsa (ağzını qapıya tərəf tutub çağırır), Şeyx Fəzlullah, ay Şeyx Fəzlullah!

Ş e y x (daxil olur). Salaməleyküm!

Ə m i r (ona). Mollaların sözlərin şaha ərz elə.

Ş e y x. Sənə fəda olum! İran əhalisinin yarısından ibarət olan bütün mollalar mənim vasitəmlə hüzuri-alinizdən istirham edirlər ki, məşrutə verməyəsiniz və məclisi açmayasınız.

Ş a h (qol çəkir). Siz deyən olsun!

Ə m i r və Ş e y x. Allah mübarək eləsin, inşallah! (Gedirlər.)

Ş a h (öz-özünə). Qurtardım.

(Bu əsnada ingilis və rus səfirləri daxil olur, şah onları qəbul edir.)

İ n g i l i s  s ə f i r i. Nə tövr oldu?

Ş a h. Nə?

R u s  s ə f i r i. Məşrutə əhvalatı.

Ş a h. Bu gün dəsti-xəttə qol çəkdim. Görürsən hava nə tövrdür? Gərək ki sizin Rusiya indi çox soyuqdur. Amma sizin İngilis, gərək, bir az isti ola.

S ə f i r l ə r. Bəli, Rusiya soyuqdur, amma İngilis istidir. Deməli, inşallah bu gün-sabah məclis açılar?

Ş a h. Hansı məclis?

S ə f i r l ə r. Buyurdunuz ki, qol çəkibsiniz... Dəsti-xətt veribsiz...

Ş a h. Bəli, dəsti-xətt qol çəkdim, amma məclis açılmayacaqdır! Bizim şəriət elə şeyləri haram buyurubdur. Məşrutə – donuz əti, məclis, çaxır, bunlar hamısı bizdə haramdır.

S ə f i r l ə r. Mərənd alındığını zati-aliniz bilirmi?

Ş a h. Xeyr, məgər Mərənd alınıbdır?

S ə f i r l ə r. Bəli, Xoy da alınıbdır, Culfa da, Səlmas da, qərəz bütün Azərbaycan əldən gedir.

Ş a h. Qəribə əhvalat var imiş! Heç mən bilməmişəm! Daha nə var, nə yox?

S ə f i r l ə r. Əgər məclisi açmasanız, sizin işləriniz çox xarab olacaqdır. Bəlkə bütün İranı təhlükəyə salarsınız. Bizim məsləhətimiz odur ki, məclisi açıb həm İranı sakit edəsiniz, həm də qonşuların iştahasını artırmayasınız.

Ş a h. Bəs axı məclis şəriyətcə haramdır, mollalar qoymaz.

S ə f i r l ə r. Əvvəla, Məhəmməd peyğəmbər heç bir yerdə deməyibdir ki, məşrutə və məclis haramdır. Və saniyən sizin şəriətinizdə var ki, əgər şərab bir naxoşluğa dərmandırsa, o halda şərab naxoş üçün halaldır. İndi də sizin İran naxoşdur və bunun dərmanı məşrutədir. Ona görə biz əminik ki, şəriət buna yol verər.

Ş a h. Görünür ki, siz bizim şəriəti də əzbərləyibsiniz. Siz avropalılar çox qoçaqsınız. Xub, əmr edirəm ki, o dəsti-xətti camaata bildirməsinlər. (Səfirlər gedirlər.)

Ə m i r  B a h a d ı r (daxil olur). Sənə qurban olum, kafirlər nə deyirdilər?

Ş a h. Deyirlər ki, gərək məclisi açasan, mən də baxıram ki, açmasaq onlar bizi lap təngə gətirəcəklər.

Ə m i r (fikir edir və sonra bir qədər bərkdən deyir). Görək kim kimi aldada-caqdır! – deyilib əyilir və şahın qulağına sözlər pıçıldayır.

Ş a h (bir az fikirdən sonra). Xub, buyurunuz fərman yazılsın və məşrutənin verilməyəcəyi elan olunsun.

Küçədə əhali:

-Ta bərk səre-kar in... əst

İran hələ ləng, ləng, ləngəst.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info