Qonaq Kitabı
ATA VƏ OĞUL

A t a (təkcə). Kordur yurdum! Kor, kor! O günə daş düşeydi ki, mən evləndim; o günə ildırım düşeydi ki, mən belə nəslə rast gəldim! Kaş heç əvvəldən məni evləndirməyəydilər.

A r v a d (daxil olur). A kişi, yenə nə var öz-özünə söylənirsən?

A t a. Kəs səsini, kəs; o günü olmayaydı ki, sən mənə düçar olub mənim üçün bala doğmadın, bir bəla doğdun!

A r v a d. Axı, yenə bir de görüm nə olubdur, balam sənə nə eləyibdir?

A t a. Nə olacaq? Laməssəb oğlun məni soymaq istəyir!

A r v a d. Nə üçün, məgər quldurdur?

A t a. Quldurdan da pisdir! Bayaq evdə namaz qıldığım yerdə adam göndərib ki, filan yerdə yığılıb qəraətxana açırıq, tez on manat pul versin. Acığımdan namazı da alayarımçıq qılıb, indiyə qədər acığımı soyuda bilmirəm... Vay, kor olan yurdum.

A r v a d. Belə təxsir sənin özündədir! Kim sənə dedi ki, oğlunu dərsə qoy? Mən min dəfə sənə dedim ki, uşağını xarab eləmə, məktəbdə min cür biclik öyrənər, sən qulaq asmadın!

A t a. Əşi, Allah sənin qardaşına lənət eləsin ki, mən boyda yekə kişini yoldan çıxartdı, zorla gədəni aparıb məktəbə qoydu, yoxsa mən olam uşaq oxudam ki, axırda da belə laməssəb ola? Hərgah oxutmaq istəsəydim, İrana göndərərdim ki, gedib tələbə olub gəlsin. Mən heç yerli-dibli oxutmaq istəmirdim. Hər nə başıma gəlirsə, səndən və sənin qohumlarından gəlir, Allah sizin nəslinizi üzsün.

A r v a d. Yaxşı, pul verdin, yoxsa yox?

A t a. Lənət şeytana də! Ay heyvan nəslindən əmələ gəlmiş, mən xəzinəçiyəm?

O ğ u l (daxil olur). Yaxşı, pul vermədiyin bəs deyil, bir də göndərdiyim adamı söyürsən, o da gəlib xalqın içində mənə deyir ki, atan məni söydü, qovdu. Mən də xalqdan xəcalət oluram.

A r v a d. Doğru deyir, pul vermədin-vermədin, daha niyə söyürsən?

A t a. Arvad, arvad! Ey məluni-xəsərətdünya! İndicə sən mənə tərəf dəyildin? İndi oğlunu görüb o tərəfə dönürsən, ay bimürvət? Sən o dünyada ruzi-məşhərdə nə cavab verəcəksən?

O ğ u l. Cavab verəcəkdir ki,ərim məni söyürdü!

A t a. Oğul, sən hər nə desən de, daha mənim dinimə, məzhəbimə sataşma.

O ğ u l. Mən din və məzhəbə sataşmıram. Ancaq onu deyirəm ki, hərgah sən o dünyada anamdan şikayət etsən, o da səndən edəcəkdir!

A t a. Deməli, sənin sözündən bu çıxır ki, heç o dünya yerli-dibli yoxdur? Bilirəm, bilirəm nə deyirsən, eşşək deyiləm, anlayıram.

A r v a d. Oğul, başına dönüm, sən ocürə şeylərə sataşma, dilim qurusun, gözün tutular.

O ğ u l. Ay ana, məgər mən burda dinə bir pis söz dedim? Deyirəm ki, hərgah o dünyada...

A t a. Görürsən, arvad? “Hərgah o dünyada” yəni “əgər o dünya varsa” – demək istəyir! Əstəğfürullah rəbbi və tövbə ileyh. Barı pərvərdigarə, sən mənim günahımdan keç! Mən yazığam, bu cürə nacins ucundan məni cəhənnəm oduna yandırma.

O ğ u l. Ey on manat, sənsən bu kişini belə danışdıran!

A t a. Əstəğfürullah rəbbi və tövbə ileyh. Arvad pambıq gətir qulaqlarıma tıxıyım və bu cürə küfür sözləri eşitməyim. Bu laməzhəb deyir ki, məni danışdıran puldur, yəni pul Allahdır. Ay camaat, bu cürə küfrü mən heç yerdə eşitməmişdim, bu müşikdür, pulu Allaha şərik bilir.

Ravi rəvayət eləyir ki, bir dəfə bir kəs Musa peyğəmbərin hüzuruna gəlib dedi ki, ey Musa!... Yox, mən bu kafirnən bir evdə ola bilmərəm, çıx, çıx mənim evim-dən!

O ğ u l. Ay ata, mən nə vaxt o cürə küfür söz dedim. Nə üçün yalan deyirsən?

A t a. Vay, ilahi! Bu atasına deyir ki, yalan deyirsən! Bu görünür ki, bütün kafirlərin bidinidir. Hərgah mən yalan deyirəmsə, bil ki, molla da yalan deyir; molla yalan deyirsə, bil ki, müctəhid yalan deyir; müctəhid yalan deyirsə, bil ki, imam yalan deyir. İmam yalan desə, bil ki, peyğəmbər yalan deyir. Peyğəmbər yalan desə, bil ki, Allah yalan deyir. Çəkil, çəkil mənim bu müqəddəs evimdən, ey kafir! Bu saat, bu saat evimizdə olan bütün qablar, boşqablar, istəkanlar, samovar, qazan, kəfgir, aşsüzən – hamısı sənə lənətxandır. Onlar hamısı qiyamət günü hüzura çıxıb sənin cəzanı istəyəcəklər. Çəkil, kafir, çəkil! Murdarlama, bu pak olan yeri, çəkil, çəkil (yıxılır səcdəyə).

O ğ u l. Bu kişi dəli olubdur.

A r v a d. Qoy, gedim bir dua yazdırım.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info