Qonaq Kitabı
4 MAY MƏCLİSİ

Bəzi rəfiqələrim məndən çox artıq təvəqqə etdilər ki, yenə onlara dumanın məclislərindən ikinci dəfə bir nümunə göstərim ki, lap yaxşı olsun. Yəni lap yaxşı qansınlar ki, gərək dumada nə var, nə yox və bu işlərin axırı nə tövr olacaqdır. Mən də razı oldum və qəzetlərdən axtarıb, dumanın mayın 4-də olan məclisini tapdım. Gördüm ki, bizim müsəlman vəkillərindən də orada danıçan olubdur. Dumanın, bax, məclisi bu cür olubdur ki, onu burada müfəssələn sizə nağıl edəcəyəm. Hərgah, işdir, mənə inanan olmasa, “İrşad”ın bugünkü teleqraflarını oxuya bilərlər.

 

DUMANIN 4 MAYDA OLAN MƏCLİSİ

 

Sədri–məclis. Oturun görək işimizin axırı nə tövr olur. Vəzirlər bir-iki para kağız göndərib, ancaq o sonranın işidir. İndi qoy bir az Hessen danışsın, səs-küy eləməyin, qulaq asaq.

Hessen (durub danışır). Biz bura yığılmışıq ki, milləti irəli aparaq. Amma bu siz öləsiniz, öz canım üçün, bizim bu millət bir az yazı-pozu qanmasa, heç vaxt irəli getməz. Mənim sözüm budur.

Maarif vəziri. Allah atana rəhmət eləsin! Bax, əsl söz budur ki, bu kişi dedi. Canım, vallah, billah, təa-Allah bizim camaat başı ipsiz bir heyvandır. Ondan ötrü lazımdır nə? İşkol, işkol, işkol və yenə işkol. Amma o cürə siz deyən işkol yox ha, ki, bu gün uşaq durub uçitelin üstünə tapanca çəkə və uçitel də qorxusundan sarılıq azarına düşə. Bəlkə bu cür işkol ola ki, uçitel uşağın üstünə tapanca çəkə və uşaq da qələt eləyib, bir də böyük üzünə ağ olmaya!

 

Sağ tərəf bərk əl çalır və “bravo” deyir.

 

Arxangelski. Mən onu-bunu bilmirəm, mini min söz desin, amma bizim işimiz işkolsuz tutmayacaqdır. Nə deyərsiniz, mən ölüm?

Xominski. Əgər bildiniz firəng qoşununu kim basdı? Nemeslərin uçitelləri. Ona görə bizə lazımdı nə? İşkol!

Krılov. Zarafat o yanda dursun, işkolsuz işimiz fırıqdır.

Mahmudov. Kişilər doğru deyir. Amma Allahın altında bizim kənd uçitellərinin əhvalına bir baxaydınız, o saat canınız yanardı. Kişilər, inandırıram sizi ki, bir də görürsən bir abbası tapmırlar ki, dəlləyə verib üzlərini qırxdırsınlar, amma siz fikir eləməyin ki, deyirəm ki, gərək onların donluğu artsın, xeyr, təki qoysunlar ki, kişilər barı bir doyunca papaq yerə qoyub fikir eləsinlər!

Tiqranyan. Allah o günə bir daş salaydı ki, bizi gətirib bu urusun əlinə verdilər. Əşi, işkol açır ki, camaat oxusun, gətirib içinə ya bir qaradavoy qoyur, ya da ki, bir rus mahrasası.

Voznesenski. Mən özüm uçiteləm, bunu da sizə deyim ki, bu cürə işkolda uşaqlar bicliklən savayı heç zad öyrənməzlər.

Purişkeviç. Bu danışanın dili ishal azarına düşübdür.

Sədri-məclis. Axmaq-axmaq danışma!

Həsənov. Vaxtilə urusiyətdə “ağa deyir sür dərəyə, sür dərəyə” idi.

Kelepovski. Bağışlayın, elə indi də urusiyətdə “ağa deyir sür dərəyədir”. Çox füzulluq eləmə, sən küllən! Aşağı otur.

 

Səs-küy düşüb, qalmaqal qopur və ağız deyəni qulaq eşitmir, Həsənov qorxusundan bilmir nə qayırsın və yazıq-yazıq deyir.

 

- Neynək, sizə görə “sür dərəyə”dir, amma bizə görə “sür təpəyə”dir. Daha mənə acığınız niyə tutur? (səs-küy lap bərkiyir, vur-çatlasın düşür, Həsənov lap qorxub deyir ki, yaxşı, qoyun oturum aşağı. Neynək, dedim, deməmiş olum.

Sədri-məclis. Kimdən qorxursan, adə, heç oturub eləmə, de qurtar sözünü.

Purişkeviç, Kelepovski və bir də Sazanoviç. Di hünəri var danışsın görək!

Sədri-məclis. Ay camaat, istəyirəm Purişkeviçi, Kelepovski və Sazanoviçi qovlayam bayıra, nə deyirsiniz?

Hamı bir yerdə. Ay, nə bir yaxşı iş elərsən! Sən öləsən böyük savab qazanarsan.

Sədri-məclis. Adə, Purişkeviç və Kelepovski və Sazanoviç, siz nəsiniz? Bu saat durun rədd olun burdan. Yaxşı kamança çalırsan, amma heyif ki, səsi çıxmır.

Məclis əhlindən biri. Üzünüz tökülsün, ay balam!

Sədri-məclis. Adə, durun rədd olun demirəm sizə?!

Purişkeviç. Axı çox da deyirsən, sənin sözünə qulaq asan kimdir?

Məclis əhlindən biri. Adə, adam oğlusan, ayıbdır axı!

Kelepovski. Belə əlimizin içindən gəlir, çıxmırıq!

Sədri-məclis. Lənət sənə şeytan, dayna! A balam, yəni istəyirsiniz ki, qolunuzdan tutub çıxardım?

Sazanoviç. Di hünərin varsa çıxart.

Purişkeviç. Allahdan istəyirəm ki, belə bir iş eləyəsən də!

Əhli məclisdən biri. Balam, hərgah qoçuluq fikrindəsinizsə, onda bura qoçu yeri deyil, gedin, məsələn, Bakıda qoçuluq edin.

Purişkeviç. Təvəqqə edirəm ki, ağzuva yiyəlik eləyəsən, səni danışdıran yoxdur.

Sədri-məclis. Adə, Purişkeviç, sən atanın goru, dur burdan, yoldaşlarını da götür, çıx get, qoy biz burada iş görək.

Purişkeviç. Atamın goru haqqı, min il qala, getmərəm. Yoldaşlarım özləri bilərlər, gedirlər – getsinlər, amma mən getmərəm (yoldaşları durub gedir, Purişkeviç qalır).

Sədri-məclis (dumaya). Balam, görünür ki, bu kişi arı yeyib, namusu da bağlayıb belinə İnsanda gərək bir az həya olsun. Həya ki, olmadı heç nə! Durun, çıxaq gedək evimizə, sizin hamınızın babalı olsun bunun boynuna!

Purişkeviç. Mənə deyənin boynuna olsun!

Sədri-məclis. Mən namərdəm, əgər səni 15 gün buralara qoysam.

Purişkeviç. Bu sən öl, keyfim istəyəndə, şax gəlib yerimdə oturacağam, əlindən gələni beş qaba çək!

Məclis əhli (bir yerdə). Pah atanla, yeri get! Belə də bihəya olarmı, ay başınıza dönüm! Görəsən bu kimin belindən gəlib, kimin qarnından çıxıb.

Purişkeviç (gedə-gedə papağını əyri qoyub, oxuyur, öz-özünə deyir). Yazıqlar dayna! Yığılıblar bura ki, milləti irəli aparacayıq! Ədə, mən namərdəm əgər bu deme qoysam ki, sağ baş gora aparsın.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info