Qonaq Kitabı
Sinəmi çak qılan çaki-giribanındır

Sinəmi çak qılan çaki-giribanındır,

Bağrımı parə qılan xəncəri-müjganındır.

 

Çeşmi-məstindi məni kuhi-biyabanə salan,

Dağ edən cismimi ol qəmzeyi-fəttanındır.

 

Dərdi-hicranə dəva yoxdu, məgər badeyi-nab

İç bu qan olmuşu kim, yaxşıca dərmanındır!

 

Çarə yox, aşiqi-zarın dönə bilməz səndən,

Kəsəsən başın əgər qoç kimi qurbanındır.

 

Saqiya, gəldi genə işrəti-əyyami-bahar,

Meyli-gülgunu gətir dövrə ki, dövranındır.

 

Dürdi-safi nə bilir lə’li-ləbin sərməsti,

Dur gətir kim, içərəm, meylim əgər qanındır.

 

İstəməz əyninə Məcnun geyə gülrəng qəba,

Qoy desinlər ki, sənin aşiqi-üryanındır.

 

Zahidin başına kül, talib olur rizvanə,

Gün bu gün, Tari bilir, deyrdə rəhbanındır.

 

Verdiyim ismi-əzimi məni-divanəyə ver,

Lə’nəti qoy adımı, fərz elə şeytanındır.

 

Bir üzük ki, ola hökmündə onun cümlə cahan,

Taxginən div əlinə, söylə Süleymanındır.

 

Gəl, Nəbati, bir utan, küfr deməkdən bir usan,

Bihəya, şərm elə, bu küfr məgər canındır?



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info