Qonaq Kitabı
Görüm ey şux, səni xürrəmü xəndan olasan

Görüm ey şux, səni xürrəmü xəndan olasan,

Qönçə gültək açılıb, zibi-gülüstan olasan.

 

Geyəsən əyninə hər həftədə bir dəst libas,

Bərq urub aləmə bir mehri-dirəxşan olasan.

 

Tirmə başında, ayağında firəngi başmaq,

Sona kəklik kimi hər yanə xuraman olasan.

 

Vəsmə qaşında, gözün sürmədə, zülfün üzdə,

Hər tərəfdən tökülə sünbülü reyhan olasan.

 

Olmaya şəngü qəşənglikdə də bir tay sənə,

Hamı dilbərlərə sən sərvəri-xuban olasan.

 

Nə qədər var isə ömrün gəzəsən məstanə,

Bu cahan bağına bir sərvi-xuraman olasan.

 

Həq-taala səni, ey gül, eləsin bir də cavan,

Genə ondördcə yaşında məhi-taban olasan.

 

Üz gətirsin sənə dövlət belə dərya-dərya!

Hər nə dövlətli ola, sən olara xan olasan.

 

Qonşuya getməyəsən hacət üçün bir zadə,

Sən oları gətirib qapına, sultan olasan.

 

Gənci-Qarun kimi sən cəm edəsən simü zəri,

Sahibi-məmləkətü xösrövü xaqan olasan.

 

Bir dua qıldı Nəbati, onu mövlayə burax,

Ta onun sineyi-suzanına dərman olasan.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info