Qonaq Kitabı
Cumdum genə qəvvas tək dəryayə mən, dəryayə mən

Cumdum genə qəvvas tək dəryayə mən, dəryayə mən,

Qıldım nəzər bir lö’lövü-lalayə mən, lalayə mən.

 

Sən sanma mən bu bəhrdə hər inci, mirvari gəzim,

Göz dikmişəm bir gövhəri-valayə mən, valayə mən.

 

Getdim biyaban gəştinə, vurdum təcəlla dəştinə,

Etdim tamaşa Turdə Musayə mən, Musayə mən.

 

Çıxdım bu ərşin üstünə, baxdım büləndü pəstinə,

Pəs onda nagəh uğradım Isayə mən, Isayə mən.

 

Saldım təmami-aləmi gözdən, unutdum Adəmi,

Verdim könül bir vahidi-yektayə mən, yektayə mən.

 

Gəzdim səmavati tamam, hər mənzilə etdim xuram,

Qıldım güzər həm cənnəti-ə’layə mən, ə’layə mən.

 

Etdim təmaşa güllərin, həm rəngbərəng bülbüllərin,

Saldım nəzər həm mənzəri-hurayə mən, hurayə mən.

 

Getdi sərimdən əqlü huş, bir guşədə otdum xəmuş,

Düşdüm əcayib məntəri-ixfayə mən, ixfayə mən.

 

Nə yatmış idim, nə oyaq, nə atlı idim, nə yayaq,

Bir vaxt gördüm gəlmişəm dünyayə mən, dünyayə mən.

 

Leyli deyib çəkdim aman, qan-yaş töküb etdim fəğan,

Düşdüm genə Məcnun kimi səhrayə mən, səhrayə mən.

 

Fani olubdur bu bədən, dur tap, Nəbati, bir kəfən,

Bu canı qurban eylədim Leylayə mənə, Leylayə mən.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info