Qonaq Kitabı
Ey qələndər, məni öldürdü bu əfyun, əfyun

Ey qələndər, məni öldürdü bu əfyun, əfyun,

Səni tari, mənə ver bir belə mə’cun mə’cun.

 

Nəş’əsi yoxdu bu bəngin məni, Allah, Allah,

Bizi, məl’un elədi gör necə məğbun, məğbun!

 

Söylə Fərhadə ki, gəldi genə Şirin, Şirin,

Səm’imə yetdi genə seyheyi-Gülgun, Gülgun.

 

Qaldı köksümdə bütün bu acı alma, alma,

Dur gətir qaçla yeyək bir-iki qavun, qavun.

 

Təzədən gəldi genə başıma sevda-sevda,

Xaneyi-əqli genə eylədi varun, varun.

 

Şükrlillah ki, dolandı genə dövran-dövran,

Oldu kamımca genə gərdişi-gərdun, gərdun.

 

Məstü məstanə gəzər bəzmdə saqi, saqi,

Beytül-əhzanım olub məclisi-Harun, Harun.

 

Ev yıxan, ver mənə bir sağəri-ravəq, ravəq,

Eylə bir cam ilə bu müflisi Qarun, Qarun.

 

Allah, Allah, bu qədü qamətə əhsən, əhsən!

Güli-həmradı bu, ya çöhreyi-gülgun, gülgun.

 

Nə deyim, gözdü bu, ya nərgisi-şəhla, şəhla?

Qoy görüm qönçədi bu, ya ləbi-meykun, meykun?

 

Qaşların qövsi-qüzeh, navəki-müjgan, vəh, vəh!

Xali-səbzindir edən Adəmi əfsun, əfsun.

 

Həlqeyi-lə’ldi, ya sibi-zənəx, ya çəhi-çəh,

Dürri-dəndandı bu, ya lö’löi-məknun, məknun.

 

Türreyi-zülfünə əl vurma, xətadır, hey-hey,

Həlqeyi-damdır, ey aşiqi-Məcnun, Məcnun.

 

Bağrımı xari-sitəm eylədi rövzən, rövzən,

Sinəmi atəşi-ğəm eylədi kanun, kanun.

 

Rəhm qıl halıma, ey dilbəri-tərsa, tərsa,

Boşla zəncirimi bir, ey büti-mövzun, mövzun.

 

Müttəsil şamü səba yekkəvü tənha, tənha,

Künci-vəhdətdə qalıb xatiri-məhzun, məhzun.

 

Yoxdu bir kimsə ilə ülfətü rəbtim, rəbtim,

Söylərəm pərdədə cizlin belə məzmun, məzmun.

 

Çox da axtarma Nəbatini, keç ondan, keç, keç!

Dini yox, məzhəbi yox, gəbrdi məl’un, məl’un!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info