Qonaq Kitabı
Genə aşufteyi-bir nərgisi-şəhlayəm mən

Genə aşufteyi-bir nərgisi-şəhlayəm mən,

Ondan ötrü belə aludeyi-səhbayəm mən.

 

Olmuşam bir sənəmi-lalərüxün müştaqi,

Bu səbəbdən dəli tək badiyə peymayəm mən.

 

Etdiyim şamü səhər naləvü zarın səbəbi,

Budu kimi, bəsteyi-bir zülfü çəlipayəm mən.

 

Demə kim, neyçün olubsan belə bimarü zəif,

Aşiqi-qəmzeyi-bir şuxü dilarayəm mən.

 

Nə deyirsən genə, ey cahili-əfsürdəməzac,

Külli-aləm bili ki, talibi-minayəm mən.

 

Olmuşam Xızr sifət pərdeyi-ixfadə nihan,

Genə bu aləm ara gün kimi peydayəm mən.

 

Çox da göstərmə mənə böylə zərin kisəsini,

Bu toru özgəyə qur, bəççeyi-ənqayəm mən.

 

Məndə var bəhr kimi dürrü gühər ənbarı,

Yoxsa bimayə sanırsan məni, dəryayəm mən.

 

Etmişəm suzənimi rişteyi-Məryəmdən dur,

Minmişəm tövsəni-gərdunə, Məsihayəm mən.

 

Mö’cizati-həmə peyğəmbər olub məndə əyan,

Bilmək olmaz məni, bir sirri-hüveydayəm mən.

 

İstəsən kim, biləsən kimdi bu inşanı qılan,

Gəzgəzəm, qaniçici duxtəri-tərsayəm mən.

 

Hələ gör bəsdi, Nəbati, nə ənəlhəqdir bu?

Dəxi bir yol deginən vahidü yektayəm mən.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info