Qonaq Kitabı
O günəş-arizə heyran olanı, zar olubam

O günəş-arizə heyran olanı, zar olubam,

Əqlü huşum dağılıb, surəti-divar olubam.

 

Eşqi-bibak elədi pərdeyi-namusumu çak,

Zikri bəd, adı yaman, xalq üzünə xar olubam.

 

Məni görcək, deyəsən, cin eşidib “bismillah”,

Zahidin pis gözünə bir çalıcı mar olubam.

 

Ta bilim bəlkə, məgər, ol sənəmin mə’vasın,

Gah meyxanəyə, gah məscidə səyyar olubam.

 

Sən get öz karına, ey zahidi-bədkiş ki, mən

Talibi-cami-Cəmü badeyi-gülnar olubam.

 

Bül’əcəb dərdə məni salmış o yaği gözlü,

Gah divanəvü, gəh məstü, gəh huşyar olubam.

 

Saqi, gəl canımı al, ver mənə bir cam, aman!

Yanmışam, təşneyi-bir sağəri-sərşar olubam,

 

Ta Nəbati olub ol növgülə aşiq, billah,

Mən də həmnaleyi-bir bülbüli-gülzar olubam.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info