Qonaq Kitabı
Bir könül kim, ola daim rüxi-canan ilə cəm

Bir könül kim, ola daim rüxi-canan ilə cəm,

Olmaz ol bir də dəxi tərfi-gülüstan ilə cəm.

 

Məni meydən, sizi tari ki, əgər mən’ edəsiz,

Ki, mənim könlüm olur Cəm kimi bu qan ilə cəm.

 

Dağıt, əfşan elə ol türreyi-ənbərşikəni,

Ta ki, olsun könül o zülfi-pərişan ilə cəm.

 

Bir könül kim, ola bir qönçə-ləbin məftunu,

Olumu bir də məgər badeyi-reyhan ilə cəm?

 

Künci-vəhdətdə könül şəm’inə oldum qane,

Şəm’i-dil olmaz imiş şəm’i-şəbistan ilə cəm.

 

Bülbüli-tabi-xəzan-didə kimi gülşəndə,

Könlümü eyləmişəm təb’i-qəzəlxan ilə cəm.

 

Kilki-neydən tökərəm kağəzə şəhdi-şəkəri,

Dürri-nəzmi edərəm gövhəri-qəltan ilə cəm.

 

Dağılan xəstə könül şişəsinin parələrin

Rizə-rizə elərəm səbheyi-sübhan ilə cəm.

 

Yusifi-Misr kimi tə’neyi-ixvani-həsud,

Etdilər xatirimi möhnəti-zindan ilə cəm.

 

Səbrnən həll olu hər üqdeyi-müşkül, billah,

Ləzzəti-vəsl olur zəhməti-hicran ilə cəm.

 

Yarı tut, qeyri unut sən də, gözum, Məcnun tək,

Mümkün olmaz ola bir can iki canan ilə cəm.

 

Tuşeyi-rahi-fəna etməyə hər xarü xəsin,

Edərəm badiyeyi-eşqdə müjkan ilə cəm.

 

Hardasan, harda qalıbsan genə, ey şuri-cünun,

Ah, oldum, genə bu əqli-giran can ilə cəm.

 

Çarə qıl dərdimə, saqi, mənə bir cam, aman!

Olsa, könlüm olacaq dideyi-giryan ilə cəm.

 

Mərhəba, dilbəri-tənnaz nə xub etdi, görün,

Köksümün yarəsini navəki-peykan ilə cəm.

 

Ey könül, eylə dəxi zöhdü riyadən pəhriz,

Gəl, Nəbati kimi ol, həlqeyi-rindan ilə cəm.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info