Qonaq Kitabı
Məstü sərxoş bir büti-hərrafı gözlər gözlərim

Məstü sərxoş bir büti-hərrafı gözlər gözlərim,

Əbrə beldə, bir qəba zərbafı gözlər gözlərim.

 

Xatirim istər ola sirr-”ənəlhəq” məzhəri,

Kəlleyi-dar üzrə bir culafı gözlər gözlərim.

 

Dürdnuşəm, rindlərtək kasəsin içmək işim,

İndi amma şişədən bir safı gözlər gözlərim.

 

Küfri-zülfün şərhini yazmaqda aciz qalmışam,

Üqdeyi-müşküldü, bir kəşşafı gözlər gözlərim.

 

Rah müşkül, rəhnüma yox, Xızr qaib, mən qərib,

Rəhmi çox bir sahibi-əltafı gözlər gözlərim.

 

Bikəsü bimar düşmənlər kəsib ətrafımı,

Bir şəhi-xunxar, bir səyyafı gözlər gözlərim.

 

Ruzü şəb dəryayi-hərfi-fikrə qəvvas olmuşam,

Axtarıb bir gövhəri-şəffafı gözlər gözlərim.

 

Afitabi-arizin min yoldan artıq görmüşəm,

Mə’dəni-müşki-Xütən bir nafı gözlər gözlərim.

 

Tökmüşəm meydanə dürrü, gövhəri təll etmişəm,

Bir əcəb sahib-nəzər sərrafı gözlər gözlərim.

 

Lohəşəllah, mərdi-əbləh, aşiqi-şeydayə bax,

Müştəri yanımda mən, ətrafı gözlər gözlərim.

 

Vurmuşam anbarə arpa-buğdanı bihəddü həsr,

Bir sələmxor, bir də bir əllafı gözlər gözlərim.

 

Yüz yük əbrişəm çüvalı pənbə bardanı kimi,

Tökmüşəm bazarə, bir şərbafı gözlər gözlərim.

 

Qabili-zilli-hüma etməm səri-üryanımı,

Həmdəmi-viranə bir xəttafı gözlər gözlərim.

 

Baği-cənnətdir yerin, zahid, xoşa əhvalına!

Mən ki, əhli-duzəxəm, ə’rafı gözlər gözlərim.

 

Bəndeyi-piri-muğanəm, mənzilim deyri-muğan,

Bir bərəhmən sufiyi-səvvafı gözlər gözlərim.

 

Gümrəhi-tihi zəlaləm, qərqi-bəhri-mə’siyət

Bir müsərrif arifi-ərrafı gözlər gözlərim.

 

Gəlmişəm mülki-ədəmdən şəhri-imkan seyrinə,

Zadi-rahim kəmdi, bir zəyyafı gözlər gözlərim.

 

Gah Nəbati adını, gah Xançobani söyləyən,

Bir Koroğlu və’z, bir gəzzafı gözlər gözlərim.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info