Qonaq Kitabı
Ey gözüm, yatma dəxi, gəl dəxi bidar ol-ol

Ey gözüm, yatma dəxi, gəl dəxi bidar ol-ol,

Xabi-qəflətdən oyan, bir gecə bidar ol-ol.

 

Bu qədər qönçə kimi pərdədə qaldın bəsdir,

Bir zaman həm açılıb şahidi-bazar ol-ol.

 

Başla zülmət yolunu, abi-həyatı axtar,

Yola düş, baxma dalı, get, yeri, rəhvar ol-ol.

 

“Ləntərani” bir əcəb sözdü, əgər aşiqsən,

Mənə bax, Turə yügür, talibi-didar ol-ol.

 

Sal əsanı yerə, nə’leyni ayağından at,

Yetəsən ta ki, təcəllayə səbükbar ol-ol.

 

Tutasan ta ki, Məsiha kimi göylərdə məqam,

Həqqi tut, xəlqi unut, zibi-səri-dar ol-ol.

 

Əlli ildə bu qədər məscidə getdin gəldin,

Oğlun ölsün, nə yatıbsan, dəxi bizar ol-ol.

 

Şəkkü səhvi götür, vəsvasi çıxart könlündən,

Qabili-məğfirəti-qadiri qəffar ol-ol.

 

Qıl tamaşa, muğü muğzadəvü tərsalərə bax,

Məstü mədhuş qalıb, surəti-divar ol-ol.

 

Həqqi tapmaqdı əgər mətləbin, ey bir belə zad,

Daxili-həlqeyi-rindani-qədəhxar ol-ol.

 

Bu qədər guşeyi-mehrabə sığındın bəsdir,

Bir də meyxanəyə gəl, faizi-ənvar ol-ol.

 

Eşqi, aşiqliyi mən’ eyləmə, zahid, billah,

Əqlini başına yığ, aşiqi-bir yar ol-ol.

 

Dövrə gəldikcə qədəh, sən dəxi bir cam al iç,

“Püf” de imanə, bəli sən dəxi xummar ol-ol.

 

Mənzilim küp dibi, amma ki, verən yoxdu mənə,

Ey Nəbati, bu əcəb halə xəbərdar ol-ol.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info