Qonaq Kitabı
Aman-aman məni bir zülfi-yar yandırdı!

Aman-aman məni bir zülfi-yar yandırdı!

Görün məni necə bu zəhrmar yandırdı!

 

Çəkib haray, qılıb növhə eylərəm fəryad,

Nə gözlüsüz, məni bir gül’üzar yandırdı!

 

Qılıb kəbab məni, çəkdi şişə hər saət,

Töküb gözüm yaşını, zar-zar yandırdı.

 

Necə deyim ki, məni yandırıb nə qayətdə,

Məcus alusu kimi tökdü xar yandırdı.

 

O cadu göz, sənə qurban, məni bu halə salıb,

Sənə güman ki, məni ruzigar yandırdı?

 

Xəzan olanda, deyirlər şəcər tökər bərgin,

Qəzanı gör ki, məni novbahar yandırdı.

 

Nə cami-vəsl içib, nə güli-murad dərib,

Əbəs-əbəs məni rənci-xumar yandırdı.

 

Nəbati, etmə şikayət ki, od tutub yandım,

O binəvanı da çox aşikar yandırdı.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info