Qonaq Kitabı
Oldu könlüm genə bir zülfi-çəlipa dəlisi

Oldu könlüm genə bir zülfi-çəlipa dəlisi,

Düşdü zəncirə nə xoş yerdə bu sevda dəlisi.

 

Urü üryan, başaçıq üz çevirib səhrayə,

Qoydu Məcnunu yarı yolda bu səhra dəlisi.

 

Aşiqi-suxtədir, bülbüli-şeyda ki, deyil

Ki, olubdur deyəsən bir güli-həmra dəlisi.

 

“Rəbbi-ərni” - deyənin zikri dönüb Musayə,

Dəşti Iyməndə olub nuri-təcəlla dəlisi.

 

Çoxları məst qılıb saqiyi-meyxaneyi-eşq,

Görmədi kimsə mənim tək belə rüsva dəlisi.

 

Demə Fərhad ilə Məcnun dəlidir, bir bəri bax,

Biri Şirin dəlisidir, biri Leyla dəlisi.

 

Künci-vəhdətdə təbah əziz ömrüm, heyf!

Olmadı yar mənə bir büti-ziba dəlisi.

 

Xoşlayıbdır görəsən hansı məzaristanı,

Deyin ol zahidə, ey bir kökə həlva dəlisi.

 

Gül ayağında səhər vaxtı yıxılmışdım məst,

Biri səsləndi ki, ey bu güli-rə’na dəlisi!

 

Bir ayıl, gör ki, Nəbati necə övrad eylər,

Nə yatıbsan belə, ey bir gözü şəhla dəlisi?



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info