Qonaq Kitabı
Ah ki, gördüm genə bir büti-məhpeykəri

Ah ki, gördüm genə bir büti-məhpeykəri,

Mu-kəmərü qönçələb, gülrüxü şux-mənzəri.

 

Bir sənəmi şuxü şəng, sim-bərü lalərəng,

Zülfi-siyahın görən narə yaxar ənbəri.

 

Nafeyi-ahuyi-Çin səndədir, ey nazənin,

Badi-səba tək əbəs etmə məni sərsəri.

 

Getdi əlimdən, inan, saqi, amandır, aman,

Bağrımı qan eyləmə, ver mənə ol sağəri!

 

Heykəli-candır bus öz hirzi-Yəmani kimi,

Sanma ki, əfsanədir, hifz elə bu gövhəri.

 

Könlümün ayinəsi jəngi-qəm almış genə,

Dur, səni tari, gətir nüsxeyi-Isgəndəri.

 

Pərdə üzündən əgər salsa mənim dilbərim,

Tərk qılar bütpərəst bütkədeyi-Azəri.

 

Cami-meyi-eşqdən daim olur binəsib,

Olmaya ta aşiqin məşqi rüxi-dilbəri.

 

Mat qalır müttəsil badiyeyi-tihdə,

Olmaya ta salikin Xizr kimi rəhbəri.

 

Kağəzi-zərkəş gətir, ver mənə zərrin qələm,

Ta ki, mən inşa qılım eşqdə bu məhzəri.

 

Çünki tamam eylədm mən bu tərəbxanəni,

Hazır edin siz o dəm Maniyi-sürətgəri.

 

Onda mənim şəklimi, surəti-dildarımı,

Nəqş edə bu səfhədə, şad edə bu kafəri.

 

Getdi Nəbati özü, qaldı sözü yadigar,

Aşiq olanlar gəzər, axtarı bu dəftəri.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info