Qonaq Kitabı
Çox dolandım kim, görüm ol çeşmi-cadulər kimi

Çox dolandım kim, görüm ol çeşmi-cadulər kimi,

Görmədim, seyr elədim dünyanı hindular kimi.

 

Bəxti-nasazım məni ta etdi kuyindən cüda, –

Dadü fəryad eylərəm çöllərdə bubbulər kimi.

 

Gənc məxfi olduğun ta bilmişəm zülfündədir,

Olmuşam viranələr sultanı bayqular kimi.

 

Sənsiz, ey məhtəl’ətü şəkkər-ləbü huri-liqa,

Təlx olub abi-nəbat ağzımda ağulər kimi.

 

Möhnəti-hicrində ömrüm başə gəldi, ey sənəm,

Heyf kim, qol salmadım boynuna keysulər kimi.

 

Baisi-icadi-aləm ta ki, bildim eşq imiş,

Zikri “hu-hu” eylərəm hər ləhzə yahulər kimi.

 

Ta məgər versin Nəbati buyi-zülfündən xəbər,

Hər tərəf cövlan edər səhradə ahulər kimi.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info