Qonaq Kitabı
Tutdum genə xoş həngilə meyxanəni, meyxanəni

Tutdum genə xoş həngilə meyxanəni, meyxanəni,

Saqi, amandır, durma, ver peymanəni, peymanəni!

 

Cami büluri al ələ, sal çərxi-dunə vəlvələ,

Təyyarü pərkar etginən divanəni, divanəni.

 

Gəldi bahari-canfəza, ey rindi-məstü mübtəla,

Məstanə dəsti qıl kərəm şükranəni, şükranəni.

 

Mütrib həzin avaz ilə, dəmsaz olub bu saz ilə,

Türkanə bidar eyləmə həmxanəni, həmxanəni.

 

Saqi, nədir bu mül belə, bu cəm’i-məstə bir belə

Çək, daşı, tök bu məclisə xümxanəni, xümxanəni.

 

Bu bəzmi-xasi-ünsdür, aramgahi-qüdsdür,

Aç qapını, sal yazıya biganəni, biganəni.

 

Ta aşiyani-mürği-dil olmuş o zülfi-ənbərin,

Bayqu kimi məskən tutub viranəni, viranəni.

 

Saqi, çirağı rövşən et, bu bəzmi rəşki-gülşən et,

Gərm eylə rəqsi-halətə pərvanəni, pərvanəni.

 

Ey hüdhüdi-xoşbalü pər, üşşaqə sənsən naməbər,

Yad eylədi könlüm genə cananəni, cananəni.

 

Ey bülbüli-şirinzəban, vey tutiyi-xoşdasitan,

Etdin müqabil şəkkərə əfsanəni, əfsanəni.

 

Mən dustü düşmən bilmənəm, şeyxü brəhmən bilmənəm,

Tərcih vermən Kə’bədən bütxanəni, bütxanəni.

 

Bilməm gülü xar hansıdır, ya məstü huşyar hansıdır,

Divanədən fərq etmənəm fərzanəni, fərzanəni.

 

Sərrafə ver car eyləsin, şahı xəbərdar eyləsin,

Alsın məgər bu gövhəri-yekdanəni, yekdanəni.

 

Məscidləri ver zahidə, qoy xanəgahı abidə,

Gəl, sən, Nəbati məskən et meyxanəni, meyxanəni.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info