Qonaq Kitabı
Baxma şümşada, gözüm, sərvi-xuraman gəz-gəz

Baxma şümşada, gözüm, sərvi-xuraman gəz-gəz,

Dərmə hər qönçəni, bir qönçeyi-xəndan gəz-gəz.

 

Hardadır abi-bəqa, çeşmeyi-zəmzəm nəçidir,

Kövsərin adın eşit, badeyi-reyhan gəz-gəz.

 

Alma firuzəni, yaqutü zəbərcəddən keç,

Dürri-nasüftə nədir, lə’li-Bədəxşan gəz-gəz.

 

Almanam bir pula mən bir qutu mirvaridi,

Səni tari, təkə cum, gövhəri-rəxşan gəz-gəz.

 

Hər gözəl tiri-nəzər nəsb edə bilməz yayə,

Aşiq öldürməyə bir gözləri qan-qan gəz-gəz.

 

Nə bilir nazü nəzakət nədi hər göyçək olan,

Hüsnü xoş, xülqü gözəl, bir ləbi-xəndan gəz-gəz.

 

Getdi Şirinü Züleyxa, ələ gəlməz Leyli,

İndi bu əsrdə kim, afəti dövran gəz-gəz.

 

Mümkün olmaz bu vəcahətdə gözəl dünyadə,

Rüb’i-məskuni dolan, aləmi hər yan gəz-gəz.

 

Tapmasan dəxi Nəbati kimi əfsanə deyən,

Əlinə şəm’ götür, gün kimi yan-yan, gəz-gəz.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info