Qonaq Kitabı
Xədəngi-tiri-müjganın əsər qılmış dilü canə

Xədəngi-tiri-müjganın əsər qılmış dilü canə,

Şikənci-türreyi-zülfün salıbdır rəxnə imanə.

 

Dilim yansın, neçün aşiq dedim oldum sənə, ey gül,

Məni sən beylə yaxdın atəşi-ənduhü hirmanə.

 

Budur pərvərdigarə daimən ərz etdiyim hacət,

Görüm didarını, qurban edim bu canı cananə.

 

Xəbər tut, vermişəm məşşatəyə yüz rişvəti-batin,

Məbada əlləri dəysin o zülfi-əmbər-əfşanə.

 

Məni pamal edər muri-xəyalın mari-zəxmi tək,

Yəqin etdim ki, düşməndir məhəbbət növ’i-insanə.

 

Damağ-əfsürdəyəm, saqi, gətir bir sağəri-ləbriz,

Ki, inşad eyləsin təb’im bu şe’ri məstü məstanə.

 

Xumar-aludəyəm, vermə mənə dürdi-təhi-xümdən,

O meydən ver mənə kim, döndərir muri Süleymanə.

 

Yaman göz görməməkdən ötrü tök bir cürə torpağə,

Əgərçi vermərəm bir qətrəsin yüz lə’li-rümmanə.

 

Kərəm qıl, küfri-zülfündən məni bir dəm xilas eylə,

O zalim döndəribdir qəlbimi bir kafiristanə.

 

Xəta etdim, rəhi-eşqində kafər olmağım yeydir,

Təəhhüd eylədim kim, yandırım bir xirqə rəhbanə.

 

Gözün qurbanıyam, saqi müsəlsəl gəz bu dövrani

Ki, düşsün bu sədadən həlqeyi-zəncirə divanə.

 

Əgər bu ruzigar əhli xəbərdar olsa da məndən,

Yəqinimdir ki, min yol şükr edərlər küfri-Sən’anə.

 

Əgər aləm ümumən düşmən olsa, qılca bakim yox,

Mənəm bu xirqeyi-pəşmin, mənəm bu künci-viranə.

 

Xuda şahiddi, səndən dönmərəm ta canda canım var,

Nisari-xaki-rahındı, əgər baş getsə fərmanə.

 

Əgər məqdur ola vəslin mənə ruzi-qiyamətdə,

Gözüm çıxsın əgər baxsam behiştü hurü qılmanə!

 

Hücumi-ləşkəri-eşqin təvana qoymayıb məndə,

Vəli yüz zə’f ilə gətdim səməndi-fikri cövlanə.

 

Götür üzdən niqabın, ta görünsün şəm’i-rüxsarın,

Yolunda nəqdi-can versin Nəbati mərd-mərdanə.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info