Qonaq Kitabı
Düşə bir də nəzərim mehri-rüxi-cananə

Düşə bir də nəzərim mehri-rüxi-cananə,

Kafirəm, meyl eləsəm sərvü gülü reyhanə.

 

Bu nə sözdür ki, mənim eşqimi tərk eyləmisən,

Allah, Allah, sözə bax, seyr elə bir böhtanə!

 

Tövbə qıl, Tariyə bax, bir də çevirmə üzünü,

Baxma düşmən sözünə, lə’n elə bir şeytanə.

 

Hanı zahid ki, gələ bir görə tərsa qızını,

Özünü zəbt eliyə, tə’nə vura Sən’anə.

 

İstərəm, ətləsü diba geyəsən qamətinə,

Məst tavus kimi çətr urasan hər yanə.

 

Belinə tirmə sarıb, ucların əfşan edəsən,

Açılıb gül kimi, minnət qoyasan hər canə.

 

Nəzərində düzülə, səf çəkə xüddamü kəniz,

Sən özün təxtə çıxıb əyləşəsən xaqanə.

 

Eşq odun doğru imiş, gizləmək olmaz, billah,

Alışıb öz-özünə, düşdü sözüm dastanə.

 

Yazığım gəldi, Nəbati, sənə, yandı ürəyim,

Heyfsən, çox da dəxi gəzmə belə divanə.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info