Qonaq Kitabı
ÖVLAD QAYĞISI

 

Uşaq idim... Yadımdadır... Yaz idi,

Şıltağım bu cahana sığmaq idi.

Mənə hər şey verirdi nəşə, sevinc,

Quşlar etdikcə hər səhər vic-vic

Körpə köksümdə qəlbim oynardı.

Çünki coşğun məhəbbətim vardı.

Mənə quşlardı yazdı əyləncə,

Bir divardı iki anaş sərçə

Yuva tikmiş, yorulmadan şən-şən.

Çalışır, mən də qoymuram gözdən.

Quşlar artıq murada çatmış idi,

Bir kiçik ailə yaratmış idi.

Hər biri odlu şimşəyə dönərək

Daşıyırdılar: tut, çəyirtkə, böcək.

Cik-cik etdikcə o şirin balalar.

Verilirdi mənə bu dünyalar.

Qəlbimi ovlamışdı cik-ciklər,

Ürəyimdən keçirdi ah, nələr!

Məni məşğul edən bu quşlardı,

Səsi gəldikdə qəlbim oynardı.

Ürəyimdə oynadı bir şölə,

Istədim onları keçirmək ələ.

Divara nərdivan uzatdım mən,

Quşları tez götürmək istərkən

Üzümə dəydi bir alovlu qanad,

Ata cik-cik edir, ana fəryad.

Həm də dimdikləyib vururdu məni.

Qoruyurdu balasını, vətəni.

Heyrət etdim quşun cəsarətinə,

Həm bala, həm vətən məhəbbətinə.

Alnımı basdı  atəşin bir tər,

Ürəyimdən keçirdi ah, nələr!

Döyünürdü o saf, kiçik ürəyim,

Qurumuşdu ağac kimi biləyim.

Bala eşqiylə çırpınan o ürək

Məni titrətdi incə yarpaq tək

Nərdivandan həmən yerə endim,

Öz işimdən özüm də iyrəndim.        

                                                   1943

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info