Qonaq Kitabı
TÜLKÜ VƏ DƏVƏ

 

Dəvə otlaya-otlaya

Kənddən bir az uzaqlaşdı.

Yetişdi bir daşqın çaya,

Sudan içib çayı aşdı.

 

Dizin büküb çökdü yerə,

Ürəyində yoxdu qorxu.

Xumarlandı, birdən-birə

Tutdu onu şirin yuxu.

 

Tülkü çıxdı yuvasından,

Görüncə yatmış dəvəni,

Ürəyində dedi: “Ay can!

Bəxtim ac qoymayır məni.

 

Dəvə öz ayağı ilə

Gəlmiş yuvamın ağzına.

Onu keçirməkçün ələ,

Quyruğumu quyruğuna

Kəndir kimi bağlayaram;

Çəkib yuvama dəvəni,

Ürəyini dağlayaram.

Bir ay doyurar o məni”.

 

Bunu deyib tez yan aldı,

Dediyinə əməl etdi.

Qüvvəsini işə saldı,

Quyruğunu ha tərpətdi

Dəvə etmədi hərəkət,

Tərpənmədi heç yerindən

Tülkü işlədirkən qüvvət

Zorba dəvə gördü birdən

Tərpədirlər quyruğunu,

Hövl[i] ilə qalxdı ayağa,

Bu iş qorxutmuşdu onu,

Üz qoydu kəndə qaçmağa...

 

Tülkü havada sallanmış...

Qurtarmaqçın öz canını,

Gah buduna batırır diş,

Gah keçirir dırnağını.

 

Dəvə aldıqca hər yara,

Qaçır daha sürət ilə.

Tülkü ağa düşüb dara,

Hey vurnuxur qüvvət ilə.

 

Kəndə çatınca tülkünü,

Itlər görüb hov-hov saldı

Dağıtdılar boz kürkünü,

Hərəsi bir dişlək çaldı.  

                                       1942



[i] Qorxu içində.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info