Qonaq Kitabı
TÜLKÜ VƏ ASLAN

 

Meşədə tülkü axtarırdı şikar.

Qızmış aslana birdən oldu düçar.

Salladı zorba, tüklü quyruğunu,

Yalmanıb hiylə ilə öydü onu.

- Tanıyıram, - dedi, - ata-ananı,

Əslini, nəslini, ulu babanı.

Atana mən çox etmişəm xidmət,

Bəsləyirdim ona böyük hörmət.

Bu sayaq o, dilə tutub şiri,

Ürəyində tökürdü tədbiri.

Gəldilər bir uca dağın başına,

Istəyirdi zəhər qata aşına.

Tülkü həsrətlə çəkdi bir neçə ah,

Dedi: - Mərhum atan sənin, ey çah,

Ayağını vurardı torpağa,

Atılardı bu dağdan o dağa.

Hanı bu şirlərdə o cürət.

O hünər, o qoçaqlıq, o qeyrət...

Eşidib şir bunu qəzəbləndi.

Tülküyə əyri baxdı, hirsləndi.

Ayağını vurub dağa o zaman,

Tez atıldı qürur ilə aslan.

Dərəyə baş-ayaq yumarlandı,

Tülkünün hiyləsinə aldandı.

Qırılıb qol-qabırğası, ölü tək

Düşdü bir yanda, dərdli inləyərək

Çağırırdı o, tülkünü köməyə,

Endi tülkü yavaş-yavaş dərəyə,

Dedi şirə ki: - Səndə yox cürət,

Nə hünər, nə qoçaqlıq, nə qeyrət.

Heç yaraşmır bu aslan adı sənə,

Vurdu şirə acı-acı tənə.

- Nə deyirsən de, gəlmişəm köməyə...

Quyruğun saldı ağzına yeməyə.

Dedi aslan ona: - Sən ey əyyar[i]!

Gəl başımdan ye, gör nə ləzzəti var!

Dedi tülkü: - Tələsmə, ey nadan,

Quyruğundan yeyə-yeyə əlan

Başına da yavaş-yavaş çataram,

Qan içən kəllənə zəhər qataram.      

                                                     1912

 



[i] Hiyləgər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info