Qonaq Kitabı
ASLAN, QURD VƏ TÜLKÜ

 

Bir zaman tülkü, qurd, həm aslan,

Hər üçü bağladı belə peyman:

Ki, bu gündən ələ nə düşsə şikar,

Üç yerə qismət eyləsin onlar.

Hamı “əhsən” dedi bu dadlı sözə.

Ov üçün çıxdılar bir otlu düzə.

Dərə ağzında tapdı üç ortaq:

Bir qoyun, bir keçi, quzu, oğlaq.

Dedi aslan: - Gəlin ovu bölüşək,

Bu qoyun ki, mənə çatar bişək.

Quzu olsun gərək mənim payım,

Çünki sizlərdə yox mənim tayım.

Bu keçi də gərək mənə yetişə,

Olmasın bir kəsin sözü bu işə.

Oğlağa kim uzatsa əl, bunu bil,

Eylərəm mən onun əlini şil.   

                                               1908

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info