Qonaq Kitabı
QONAQLIQ

 

Vəli yazıb dərsini uzanmış idi yerə,

Köpək səsi eşitdi bayırda birdən-birə:

Tez qapıya yüyürdü, qaçdı sevincək: - Ana!

Həsən dayımdır gələn, Mina dostum və Sona.

Girdi qonaqlar, hamı sevindi bu gəlişdən,

Qucaqlayıb bir-birin, görüşərək oldu şən.

Bir otağa aldılar qonaqları şövq ilə,

Orta ocağı çatıb əyləşdilər zövq ilə.

Dəmir qara ocaq da çırthaçırtda yanırdı,

Qığılcımı, şöləsi bacaya dırmanırdı.

Ballı xala tez gedib gətirdi boşqabda bal,

Ortalığa qoydular qatıq, çörək, yağ, irçal.

Yeyib-içib həvəslə alqışlayıb külfəti,

Həlqə vurub yenidən başladılar söhbəti.

Öz işlərindən deyib danışdılar keçəndən,

Gah arpadan, buğdadan, gah heyvandan, biçindən,

Keçdi yarıdan gecə, sükut içində hər yan...

Şiddət ilə qar yağır, səs edir ancaq boran.         

                                                                    1908

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info