Qonaq Kitabı
ZƏHMƏT VƏ ZİNƏT

 

Kənd içində Alış dayı

Adlı-sanlı əkinçiydi.

Əməyinə düşən payı

Ürəyinin sevinciydi.

 

Iki çarıqcığı vardı,

Biri Zəhmət, biri Zinət.

Zinəti çox dost tutardı,

Bəsləyərdi ona hörmət.

 

Vurğun idi bu çarığa,

Səhər-axşam yağlayardı.

Qoyub dəmir bir sandığa,

Açar ilə bağlayardı.

 

Iş zamanı Zəhmət yalnız

Ona sadiq yoldaş idi.

Hər bir çətin, hər amansız

Qara gündə qardaş idi.

 

Yer şumlayır, biçir, əkir

Toz-torpağa bürünərək.

Hər bir yükü Zəhmət çəkir

Ayaqlarda sürünərək.

 

Göy çırağı axşam sönür,

Yavaş-yavaş çökür zülmət.

Alış dayı evə dönür,

Ayağında tozlu Zəhmət.

 

Dəhlizə çatdığı zaman

Onu atır bir bucağa.

Zəhmət sızlar bu yaradan,

Tapdaq olur hər uşağa.

 

Qapıdan hər girən, çıxan,

Ayaqlayıb keçər onu.

It-pişik də verməz aman,

Dırnağilə didər onu.

 

Alış bir gün döndü evə,

Açdı dəmir sandığını,

Dil tökərək sevə-sevə,

Yağladı öz çarığını.

 

Bu hörməti gördü Zinət,

Böyük qürur gəldi ona.

Toz-torpaqda yatan Zəhmət

Baxdı ona yana-yana.

 

Dedi: - Zinət, biz yoldaşıq,

Bu sevimli gözəl qardaş,

Mən varlığam, sən yaraşıq,

Varlıq olur hər yerdə baş.

 

Bu haqqını yoxdur danan,

Bizə sənsən zinət, bəzək.

Mənəm sizi canlandıran,

Qardaşa da hörmət gərək!

 

Nədən doğur bu başqalıq?

Sən başda, mən ayaqlarda?

Bu haqsızlıq, bu lovğalıq

Dastan olmuş dodaqlarda.

 

Zinət dedi: - Əziz qardaş,

Neyləmək, belədir insan!

Bu gün mənəm hər yerdə baş,

Sən də kölgəmdə gəz, dolan.

 

Bax, özün də etdin iqrar,

Mənsiz həyat nəyə gərək!

Düzdü, az-çox xidmətin var.

Sən göz olsan, mənəm bəbək.

 

Bu faydasız deyişmələr

Uzandıqca hey uzandı.

Ayranına kim turş deyər?

Biri yandı, biri qandı.

 

Il dolandı, zaman keçdi,

Dəyişmədi onun halı.

Hey çalışdı, əkdi, biçdi,

Gördü yoxdur istiqbalı.

 

Hey çalışır səhər-axşam,

Ancaq verilməyir qiymət.

Zinətə hər gündür bayram,

Buna qara gündür qismət.

 

Dedi: - Xeyrə qiymət verən

Tapılmayır bu torpaqda.

Əzizlənir zinət verən,

Mən çeynəndim hər ayaqda.

 

Alış dayı, Alış dayı,

Yaxşılığın bumu payı?

 

Zəhmət ordan uzaqlaşdı,

Az getdi o, üz getdi o,

Çaylar keçdi, dağlar aşdı,

Dərə-təpə düz getdi o.

 

Şənlik endi çəmənlərə,

Yaşıl geydi hər dağ-dərə.

 

Alış dayı o gün səhər.

Oyanmışdı qaranlıqdan.

Əkin-biçin onu gözlər,

Əsər yoxdur çarığından.

 

Hər tərəfə tez baş vurdu,

Alt-üst etdi o həyəti,

Ev xalqından bir-bir sordu,

Görən yox idi Zəhməti.

 

Bir-birinə vurdu kəndi,

Xəbər aldı hər yetəndən.

- Zəhmət! – deyə, çox səsləndi,

Tapılmadı görən, bilən.



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info