Qonaq Kitabı
TAPDIQ DƏDƏ

 

I

 

Deyirlər bir dağ varmış,

Çağlarmış hey dərəsi.

Kəsilməzmiş yaz və qış

Onun coşğun nərəsi.

Başı, dibi qar, boran,

Papaq geymiş dumandan.

 

Təbiətin qoynunda

Görmüş sansız qış, bahar.

Ağ saçları boynunda

Inci kimi parıldar.

Şəndir yaxın, uzağı,

Gözəldir hər bucağı.

 

Qarlı, uca, dik başı

Az qalır dəysin aya;

Təpələrlə yanaşı

Köksündə min bir qaya.

Hər daşı, hər koması

Laçın, tərlan yuvası.

 

Daşda bitən ağacda

Gözü qalır insanın.

 

O dağlarda, yamacda

Izi var hər zamanın.

Uçar, baxdıqca xəyal,

Gəlir zehnə min sual.

 

Qoynunda bir göl də var.

“Ceyran gölü” adlanır.

Güzgü kimi parıldar,

Çıraq kimi hey yanır.

Yaşıl köksünə yaz, qış

Min bir çiçək taxılmış.

 

Alır sərin suyunu

Yaxın qarlı dağlardan,

Qoynunda bəslər onu

Yaşıl donlu bir orman.

Söyüd, çinar, göy qamış

 

Üstünə kölgə salmış.

Gündüz günəş, gecə ay

Gəlir tamaşasına.

Ətəyindən axan çay

Nəğmə söyləyir ona.

Verir min bir yaraşıq

Ona çiçək, sarmaşıq.

 

Bu dərədə hər bucaq

Bənzər gözəl çələngə.

Hər gül, çiçək, hər yarpaq

Girdikcə rəngdən-rəngə,

Quşlar verər səs-səsə,

Nəşə gələr hər kəsə.

 

Qonmuşkən bu xəyalım

Yurdumun bağçasına,

Yalnız var bir sualım

Təbiət fırçasına:

Çəkdinmi böylə lövhə?

Sən sənətin, düz söylə!

 

II

 

Bu dərənin qoynuna

Sığınmışdı bir qoca.

Tapdıq deyərlər ona;

Özü adından uca.

Son günləri yaşar dinc,

 

Qəlbində sönmüş sevinc.

Gəncliyində bu qoca

Sultanlardan, xanlardan

Cəfa çəkmiş doyunca.

Xalqı sıxdıqca zaman,

Arxa çıxmış yoxsula,

Könül vermiş bu yola.

 

Toplamış öz başına

Eldə igid gəncləri;

Çıxmış bir dağ qaşına

Açmış döyüş səfəri,

Ad çıxarmış o vaxtdan

Bu ağ saçlı qəhrəman.

 

Çox yoxsulu qoparmış

Zalımın pəncəsindən.

Qız, gəlini qurtarmış

Zülmün əyləncəsindən.

Illər, aylar baş vurmuş,

Tapdıq yorulub durmuş.

 

Keçmiş bahar günləri,

Ömrü axmış su kimi;

Yaş adlamış irəli,

Baş ağarmış qu kimi.

Göz bozarmış, bel çökmüş,

Xəzan ömrünü sökmüş.

 

Düşmüş əlindən mizraq,

Ox, yay, qılınc və qalxan;

Olmuş doğduğu torpaq

Ona qaranlıq zindan.

Köksündə bir qanlı qış

Tay-tuşundan ayrılmış.

 

Dünya görmüş bu qoca,

Çıxmış bərkdən və boşdan.

Vermiş illər boyunca

Çox döyüşdə imtahan.

Sınaqlı Tapdıq dədə

Qatlamış hər bir dərdə.

 

Onu tanıyır uzaq,

Yaxın obalar bütün;

Yoxsul, sönük hər ocaq



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info