Qonaq Kitabı
GÖZƏL BAHAR

 

ÜÇ PƏRDƏLİ MƏNZUM PYES

 

 

İŞTİRAK EDƏNLƏR

 

Qış.

Boran.

Külək.

Bulud.

Gözəl bahar.

Günəş.

Su.

Torpaq.

Qaranquş.

Bülbül.

 

Uşaqlar: Aslan, Pəri, Nazlı.

 

Kəpənək, Arı, Qızılgül, Bənövşə, Qərənfil, Sünbül, Durna, Qırqovul, Turac, Kəklik, Qurd, Çaqqal, Tərlan, Çiçəklər.

 

BIRINCI  SƏHNƏ

 

Qış fəslidir. Çöllər, dağlar, təpələr qarla örtülmüşdür. Qar yağır, külək vıyıldayır. Qış, qoca bir kişi qiyafəsində. Ağ saqqalından, bağlarından sallanan buzları əli ilə oynadaraq, məğrur baxışlarla ətrafa baxır. Külək və Boranın törətdiyi bidadlığa sevinir. Qanadlarını bir-birinə vuraraq, qəhqəhə çəkib gülür, gurlayan bir səslə oxuyur:

 

Qış

Qışam, mənim böyük adım-sanım var;

Qardan, buzdan iliyim var, qanım var.

Ayaz, Boran, Külək mənim əsgərim,

Dünyada tək bunlardır sevdiklərim.

Qanadımı çarpdıqca mən hər zaman,

Qüvvətlənir Külək, Ayaz, Qar-Boran.

Hər ölkəyə yayılır bu qanadım,

Ağızlarda gəzir şöhrətim, adım.

Payız girər, mənə zəmin hazırlar,

Günəş artıq sönük-sönük parıldar.

Əmr edincə mənə böyük təbiət,

Hiss edirəm özümdə başqa qüvvət.

Qanadımı geniş-geniş açıram,

Yer üzünə ayaz, boran saçıram.

Qorxusundan qurd-quş girir yuvaya,

Ancaq Günəş hərdən çatır haraya.

 

Günəşbulud altından üzünü göstərir. Qış onu görüncə qorxaraq bir addım geri çəkilir və qorxa-qorxa ona baxır. Boran, Külək və Bulud qanadlarını çırparaq gəlir, hər biri Qışın bir tərəfində durur. Günəş yenə yox olur.

 

Qış

Tükənməz qüvvətim yeri titrədir,

Yalnız bu günəşə olmuşam əsir.

Göydə parlarkən o, əriyir qarım,

Qalmayır dünyada dövlətim, varım.

 

Boran

Sən heç qorxma sarı saçlı Günəşdən,

Qarşına kim çıxa bilər biz varkən?

Dünyaları donduran oğlun Boran,

Ona da bir kəmənd atar qorxmadan.

 

Bulud

Qanadımla tutub onun üzünü,

Qoymaram heç açsın odlu gözünü.

 

Qış

Çox sağ olun, ancaq olmayın saymaz!

Güclü bir düşməndir bizə Günəş, Yaz.

Demək olmaz, Bahara zülmüm yoxdur,

Ancaq ona xidmətlərim də çoxdur.

Məhv edirəm hər zərərli qurdunu,

Şənlədirəm bu xidmətlə yurdunu.

Qarlarımı parça-parça səpərəm.

Qorğan kimi yer üzünə döşərəm.

Qar altında yer buğlanar bir qədər,

Rahatlanar, güclənər, qüvvətlənər.

Bu, azmı xidmətdir gözəl Bahara?

Bu xidməti anlamayır, nə çara.

 

Günəş buludların arasından şəfəq saçır. Qış qorxulu baxışlarla onu süzəndən sonra Borana, Küləyə və Buluda:

 

Igidlərim, durmayın, iş başına!

Çəkilin tez yamacların qaşına!

Yol verməyin bu Günəşə, Bahara,

Verməyin heç aman bu düşmanlara!

 

Boran

Biz gedirik, sən qorxma he, əmin ol!

 

Qış

Haydı, igidlərim, sizə yaxşı yol!

 

Hər üçü gedir. Qış qorxa-qorxa baxır, qəmli-qəmli gəzinir. Günəş buludları yararaq, ətrafa şəfəq saçır. Bulud onun üzünü tutmaq istəyir, tuta bilmir. Boran və Külək qanadlarını çırparaq uğuldayır. Qış acıqlı və qorxulu baxışlarla Günəşə baxır. Günəş şəfəqlərini artırır. Qaranquş gəlir, dimdiyindən bir bənövşə gətirib Qışa uzadır.

 

Qaranquş

Qızıl Bahardan, al, məktubdur sana,

Çarpışırsan, deyir, çıxsın meydana!

Su, Torpaqdan, Günəşdən əsgərim var,

Bir vuruşda onu edər tar-mar.

 

Qış

(Bənövşəni acıqlı yerə atır).

Uşaqmı qorxudur? Qoy gəlsin, gəlsin!

Mənim qüvvətimi bir kərə bilsin!

Neylər bir laçına dünyaca qarğa?

 

Qaranquş

Bax çöllərə, yamaclara, a lovğa!

Görürsənmi igid komandanları,

Yenilməyən adlı pəhləvanları?..

Əllərindən can qurtarmaq çətindir;

Həm şöhrətli, həm güclü, həm mətindir.

Mən gedirəm, tap başına bir çara!

 

(Gedir).

 

Qış

Bu çöllərdən qaçmaq gərək dağlara.

Ağalığım tükəndi; ah, bu Günəş

Məni də yandırır, yağdırır atəş.

Bulud, Külək, ay Boran!

Qaçın, gəlin durmadan!

 

Hər üçü qaçaraq gəlir.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info