Qonaq Kitabı
O BAXIŞLAR

 

O hərarətlə sevdiyim gözünü

Yenə üç-dörd gün oldu görməyəli.

Görərəm hər çiçəkdə mən izini,

Qəlbimin ey sevimli şah əməli!

 

Kim bilir, yollarında, ey rəna

Yüzlər ilə boyun bükənlər var.

Ah, o göz dikdiyim baxışlarına

Necə min başqa göz dikənlər var.

 

Kim bilir, hər gün öpdüyüm baxışın

Nə qədər ruha saplanıb qalmış.

O nəsim, o hava kimi axışın

Kim bilir, sevgilim, nələr çalmış?

 

Səndə incə, sevimli, cazibədar

Bir baxış var ki, az gülər üzümə.

Həm də şimşək kimi bir an parlar,

Sönər artıq gəlincə mən özümə.

 

O baxışlarda çırpınan ürəyim

Diləyir gözlərindən hey imdad.

Qəlbimi aç, görərsən, ey diləyim,

Sızlayır hər telində min fəryad.

 

O baxışlarda sübhdən parlaq

Bir ziya var, büllurdan daha saf.

O baxışlarda dalğadan oynaq

Bir şəfqət var ki, nurdan şəffaf.

 

Elə bir incə şersən ki, sana

Ürəyim ilk baxışla ovlandı.

Şairə can verən baxışlarına

Baxsana, sənətim də bağlandı.                 

                                                     1932

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info