Qonaq Kitabı
İRƏLİ

 

Keçmişləri unut, quzum, artıq ona əl vurma!

O dumanlı pərdələri üzərindən qaldırma!

Ora min-bir nərdivanlı quyu olmuş hər zaman,

Hər nərdivanda yuxlayır bir əjdaha, bir ilan.

Sakın, açma, açma, quzum, o quyunun ağzını.

Çalma artıq keçmişlərin ruh inlədən sazını.

Burax onlar o qaranlıq məzarlığa atılsın,

Razı olma gənc ömrünə, gülüm, zəhər qatılsın.

Irəliyə doğru yürü, yersiz arxana baxma!

Gələcəyi düşün daim, onu gözdən buraxma!

Unutma ki, o alnının altında nurlu gözlər

İrəlini görmək üçün verilmişdir, yol izlər.

Sən o parlaq yol izləyən gözlərini daima,

Irəliyə dik hər zaman, yürü, yürü və durma.

O dumanlı, fırtınalı keçmişlərdən uzaqlaş!

Odlu, mətin addımlarla yürü, yürü, durma, arş!

İrəlidə, inan ki, bir cənnət kimi cahan var,

Sabah günəş orda doğar, səadət orda parlar.              

                                                                        1914

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info