Qonaq Kitabı
QIŞ

 

Parça-parça düşərək quşbaşı, göydən yerə qar,

Sarılır ağ mitilə boz dərə, çöllər, dağlar.

Bürüyür ortalığı tül kimi bir incə duman,

Qarı birdən sovurur göylərə müdhiş burağan.

Toplayır bir yerə gah qarları bir dağ kimi,

Gah qazır, gah qaşıyır damları dəbbağ kimi...

Don tutur çayları, bağ, ormanı qəm-qüssə alır,

Qarğalar qarıldaşır, sanki qışa layla çalır.

Qocalır sanki təbiət, ağarır saç-saqqalı,

Döşəmiş altına əngin, ağ ipək, zərli xalı.

Inləyir qarların altında dərə, çöl, torpaq,

Bağda, ormanda ağaclar görünür çıl-çılpaq.

Dayanın qar-borana, fırtınaya, bir gün olar,

Qış bitər, yaz yetişər, qəmli buludlar da uçar.             

                                                                           1910

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info