Qonaq Kitabı
ŞİKAYƏTLƏRİM

 

Yenə hər yanda hökm edir zülmət!

Yenə söndü o nazənin ülkər!

Gecə-gündüz tapındığım dilbər,

Yenə qaldıq vüsalına həsrət.

 

Yenə dilsiz sükut içində bütün

Qaralır nur saçan düşüncələrim.

Ürəyimdə sönür o qüvvələrim,

Yenə hər şey qara, cahan küskün.

 

Yenicə uçmağa qanadlandım,

Onu zülm ilə qırdı bir səyyad.

Sızlaram, indi eylərəm fəryad!

Nə qədər sadə idim, aldandım!

 

Bu qaranlıqları sevən bayquş,

Ruhumu pəncəsiylə cırmaqlar,

Ürəyim həsrət atəşində yanar,

Dözə bilməz belə həyatə vühuş[i].

 

Sözümü dinlə, dinlə, ey qəhhar[ii]!

Bu qışı ya gözəl bahar eylə,

Ya məni gözsüz eylə, kar eylə,

Ya ki, azadə bir diyara çıxar!                   

                                                 1908



[i] Vəhşilər.

[ii] Qüdrətli.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info