Qonaq Kitabı
VƏTƏN

 

Ey çeşmimin önündə mücəssəm, vətən, vətən!

Qəlbim kimi ələmlərə həmdəm, vətən, vətən!

Fikrim sarayını dolaşırsan zaman-zaman,

Qanlı kəfənlə dərd ilə toəm[i] vətən, vətən!

Baxdıqca həsrət ilə o solğun camalına,

Çeşmimdə tar[ii] görsənir aləm, vətən, vətən!

Axşam-səhər o gül üzünü isladan nədir?

Göz yaşlarınmı, yoxsa ki, şəbnəm? Vətən, vətən!

Dəhşət içində cismi-şərifin donub durur,

Nolmuş vücudi-pakinə bilməm, vətən, vətən!

Baxdıqca gül-çiçəkli o gülgün çəmənlərə,

Möhnət evi sanır onu adəm, vətən, vətən!

Sənsən səbə bəqayi-dilü[iii] cani-natəvan[iv],

Canım kimi nolar səni sevsəm, vətən, vətən!

Gördükcə dərdini əriyir cismi-natəvan,

Ney tək sızıldayır dili-pürqəm, vətən, vətən!

Qarşımda dərd, matəmə batmış gözəl mələk,

Səslər həzin sadə ilə hərdəm, vətən, vətən!

Ey xaki-pak, söndümü parlaq ziyaların?

Oldunmu zülmə möhnətə həmdəm, vətən, vətən?

Övladi-naxələfmi səni saldı bu günə?

Eyvah, bu dərd, möhnətə dözməm, vətən, vətən!

Aç, aç o qəmli köksünü, ey məxzəni-məlal[v],

Bas bağrına bu Şaiqi möhkəm, vətən, vətən!              

                                                                          1905

 



[i] Əkiz; bənzər.

[ii] Qaranlıq.

[iii] Əbədi ürək.

[iv] Zəif bədən.

[v] Qəm xəzinəsi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info