Qonaq Kitabı
MURAD

 

Tiflis şəhərinin yaxınlığında Kolbasan adlı bir kənd vardı. Bu kəndin dörd yanı bağlıq, meşəlik idi. Elə ki, bahar olurdu, ağaclar çiçəkləyir, təpələr, yamaclar yumşaq ot və çiçəklərlə döşənirdi, rəngbərəng güllərin ətri kəndi bürüyürdü, səhər-axşam quşların gözəl nəğməsinin arası kəsilmirdi. Baharçağı bu kənd o qədər gözəl olurdu ki, insan baxmaqdan doymurdu.

Həmin kənddə Bilqeys və Murad adında bacı-qardaş yaşayırdı. Bilqeys olduqca mehriban və tərbiyəli bir qız idi. Hər gün bağçalarındakı tut ağacının altında palaz salardı; oyuncaqlarını da yığıb, öz-özünə oynardı. Arabir qonşuları Səltənət də gələrdi. Hər ikisi birlikdə deyər-gülər, oynardılar; otaq bəzəyərdilər, bir-birinə qonaq gedib-gələrdilər. “Ayaq sayma”, “Gəlin-gəlin” oynardılar. Arabir də atası aldığı “Uşaq gözlüyü” kitabının şəkillərinə tamaşa edər və oxuyardılar. Günləri xoş və asudə keçərdi.

Amma Murad heç qapı-bacada tapılmazdı. Səhər evdən çıxar, bir də günorta evə qayıdardı. O gün olmazdı ki, Muradın üzü-büşı cırılmış evə qayıtmayaydı. Hər kəs ilə döyüşür, söyüşürdü. Buna görə də onu heç kəs sevməzdi. Hətta öz ata və anası da Muradı sevməzdi. Onun əlindən bacısı Bilqeysin ki, heç rahatlığı yox idi. Onun oyuncaqlarını dağıdar və sındırar, bəzən də özünü döyübqaçardı. Ona görə Bilqeys qardaşı Muradla heç oynamaz və ondan qorxardı.

Bilqeys mehriban bir qız olduğu üçün qapılarındakı heyvanları və quşları da çox sevərdi. Heyvanlar və quşlar da Bilqeysi sevər, ondan qaçmazdılar. Çox vaxt olurdu ki, bağçada oynadığı zaman Mərmər pişik, Dəmir it, Məstan xoruz, toyuq-cücələr Bilqeysin başına cəm olar və onun əlindəki çörəyi alıb yemək istərdilər. Bilqeys isə çörəyi parça-parça edib bir az Məstan xoruza, bir az tiyuq-cücələrə, bir az da it və pişiyə atardı. Hamısı soxulub yeməyə başlardı. Qara və iri gözlərini onlara dikib baxardı. Bir də görərdi ki, it öz çörəyini yeyib qurtardı. Yavaş-yavaş ağzını pişiyin qismətinə uzadır. Pişik də mırıldaya-mırıldaya çalışır ki, ağzındakı çörəyi yeyib qurtarsın. Həm də pəncələri ilə yerdə qalan çörəyi bərk-bərk tutub, acıqlı-acıqlı itə baxır. Amma it baxmayıb soxulur ki, pişiyin ya xoruzun, toyuğun çörəyini qapıb yesin. Bu vaxt xoruz qaqqıldaya-qaqqıldaya itin üstünə atılırdı; ya da pişik belini qaldırıb, dişlərini itin üstünə qıcayıb mırıldayır və birdən-birdən sıçrayıb itin üzünü cırmaqlayırdı.

Bilqeys bu tamaşadan doymazdı, gülə-gülə onların davasına baxardı.

Murad isə yoldaşlarını və bacısını incitdiyi kimi, heyvanları da incidirdi. Hələ qapılarındakı Dəmir köpəyə onun əlindən gün və dirilik yox idi. Qapı ağzında uzanıb yatarkən, Murad əlindəki daş ilə itin harası gəldi vurardı. Yazıq it quyruğunu böyrünə qısıb, vəngildəyə-vəngildəyə qaçar, yainki iri qara ağzını açıb Murada hürərdi. Onu harada görsə qaçıb gizlənərdi. Mərmər pişik də Muradı sevməzdi. Onun kölgəsini uzaqdan görüncə, quyruğunu qısıb, tələsik özünü bir yerə salardı. Çünki həmişə Murad onun quyruğundan tutub dartardı. Murad pişiyin arxasınca düşdüyü zaman pişik əvvəlcə qaçar, Muradın ona yaxınlaşdığını göprüncə birdən-birə dayanardı. Belini dikləyib, dişlərini qıcayıb “puf” edər və Muradın üstünə atılardı. Hətta bir neçə dəfə əllərini, üzünü cırmaqlayıb ağlada-ağlada Muradı evlərinə göndərmişdi.

Elə ki, axşam olurdu, təpələrdən, yamaclardan naxır mələşə-mələşə kəndə gəlirdi. Murad əlinə çomağını alıb naxırın içinə girərdi, əlindəki çomaq ilə o inəyin, bu öküzün harası gəldisə vurardı.

Murad bir dəfə bir qara inəyin arxasınca düşdü. Inək axırda təngə gəlib, döndü, onu buynuzlarına götürüb yerə elə çırpdı ki, Murad qurbağa yerə sərildi. O, tamam bir saat özünə gəlmədi. Ondan sonra Murad nə Dəmir köpəyə, nə Mərmər pişiyə, nə də inəklərə yaxın gedə bilirdi.

Bağçalarındakı yasəmən ağacı altında bir səbət içində toyuqlar yumurtlayırdı. Bir gün Murad bağçada gəzirdi. Çil toyuq yumurtıayıb çıxanda Murad gördü. Yavaş-yavaş gəlib yumurtalarıcibinə doldurdu ki, aparsın. Məstan xoruz bunu uzaqdan görüb, uca-uca Muradın üstünü aldı.

Murad çox qorxmuşdu, bilmirdi ki, nə etsin. Axırda arxasında gizlətdiyi yumurtanı atıb qaçdı, xoruz əl çəkməyib onun arxasınca düşdü. Muradın ayağı bir ağaca ilişib yıxıldı; cibindəki yumurtalar sındı, cibi və paltarı yumurtaya bulandı.

Murad qorxusundan evə gedə bilmirdi. Çünki paltarları başdan-ayağa yumurta sarısı idi.

Murad bağçada bir alma ağacının altında oturub bə edəcəyini düşünürdü. Gördü ki, Bilqeys bağçaya çıxdı, “Məstan, Məstan!” deyə bağırdı. Bağçanın o biri başından xoruz uça-uça gəldi. Bilqeys xoruzun başına bir papaq tikmişdi.

Mehriban qız o balaca əlləri ilə xoruzun papğını başına qoydu, lentlə bağladı, sonra şirin dil ilə dedi:

- Məstan xoruzum, ceyran xoruzum, gör sənə nə gözəl papaq tikmişəm.

Deyəsən xoruz da Bilqeysin mehriban dilini anlayırdı; gözlərini Bilqeysin üzünə dikib, dinməz-söyləməz dururdu. Bilqeysin qəlbinə dəymək istəmirdi. Çünki Bilqeys onları çox sevirdi. Hətta sarı toyuq da cücələri ilə Bilqeysin Məstan xoruza bağışladığı papağa diqqətlə baxırdı. Bilqeys çox şad idi.

Murad gördü ki, xoruzun başı Bilqeysə qarışıb, cəld qaçıb yenə də yasəmən ağacının altına getdi, qorxa-qorxa ətrafa baxdı ki, görsün bir kimsə varmı. Heç kəsi görmədi, yavaşca gəldi, yumurta səbətini arxasına aldı ki, qalxıb getsin.

Yaxında qazlar otlayırmış. Murad isə onları görməmişdi. Yumurtalarını səbət ilə oğurlayıb aparmaq istədiyini görən qazlar birdən-birə hər tərəfdən Muradın yolunu kəsdilər. Murad heç bilmədi ki, qorxusundan nə etsin. Çünki qazların hər biri Muradı bir tərəfə çəkirdi; xüsusən, anaş qazdan çox qorxmuşdu. Çünki o çox acıqlı idi. Qorxurdu ki, sıçrayıb gözlərini çıxarsın. Axırda arxasından səbəti ağzı üstə yerə atdı, yumurtaların hamısı sındı.

Murad bu dəfə əvvəlkindən də çox qorxmuşdu. Yenə alma ağacının altında oturdu. Çox qəmgin idi. Fikir edirdi ki, evə getsə, anası onu döyər; çünki həm paltarı yumurtaya batmışdı, həm də səbətdəki yumurtaları sındırmışdı.

Murad bu fikirləri eləyirdi, bir də gördü ki, Bilaeys əlində “Uşaq gözlüyü” əlifba kitabçası bağçaya çıxdı. Məstan xoruz, sarı toyuq və cücələri Bilqeysin ətrafını aldı. Bilqeys oturdu, kitabını açdı, sarı toyuğun başına əl çəkib dedi:

- Gözəl toyuğum! Gəl sənə bu şəkilli kitabdan dərs verim, yaxşı?..

Sarı toyuq bir Bilqeysin üzünə baxdı, bir də kitabı dimdiklədi. Bilqeys dedi:

- Deynən “A”.

Toyuq heç səs çıxarmadı. Bilqeys gördü ki, toyuq oxumur, cücənin birini kitabın üstünə qoyub dedi:

Cücə kitaba baxdı-baxdı, birdən-birə dimdiyini yuxarı qaldırıb “cik-cik” elədi. Bilqeys şadlığından bilmədi ki, nə etsin.

Bu zaman anası pəncərədən gülə-gülə Bilqeysin “dərs” verməsinə baxırdı. Bilqeys bir adam axtarırdı ki, cücəsinin kitab oxumasını ona göstərsin. Anasını pəncərədə görüncə sevinə-sevinə qışqırdı:

- Ana can, bircə cücəmə bax, gör nə yaxşı oxuyur. Gözəl cücəm, deynən “A”.

Cücə Bilqeysə baxıb yenə də “cik-cik” elədi. Bilqeys gülə-gülə qara iri gözlərini anasına dikib dedi:

- Ana can, gördün nə yaxşı oxuyur?

Anası gülə-gülə cavab verdi:

- Gözəl qızım, məgər sən pis oxuyursan ki, cücən də pis oxusun?..

Bu aralıq Məstan xoruz da Bilqeysin başının üstündə durmuşdu. Xoruz kitaba baxdı-baxdı, birdən-birə ucadan banladı. Bilqeys balaca əlini xoruzun başına çəkib dedi:

- Məstan xoruzum, sən böyüksən, oxumaq bilirsən. Qoy bu balaca cücəni öyrədim.

Murad alma ağacının altında oturub qəmgin-qəmgin bunlara baxır, öz-özünə fikir eləyirdi: “Nə üçün Bilqeysi hamı sevir? Hamı ona məhəbbət yetirir? Amma məni heç kəs sevmir? Nə üçün?..”.

1910 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info