Qonaq Kitabı
MEŞƏ GÖZƏTÇİSİ

 

Yenikənd gündən-günə gözəlləşirdi. Yaradan, işlək əllər gecə-gündüz çalışıb onu nümunəvi bir kolxoz kəndinə çevirmişdi: yeni küçələr salınmış, sıra ilə təzə evlər tikilmiş, ağaclar əkilmişdi. Hər tərəfdən onu qucaqlamış olan böyük sovxoz bağları, əkin, bostan yerləri və ucu-bucağı görünməz qalın meşələr onun gözəlliyini daha da artırırdı.

Yayın məhsuldar çağı idi. Meyvələr yetişmiş olduğundan Yenikənd şimaldan qoynuna almış yaşıl meşə öz geniş süfrəsini açıb qınaqların yolunu gözləyirdi.

Hər gün dəstə-dəstə arvad-uşaq meşəyə fındıq, zoğal, moruq dərməyə gedirdi. Meşə keşikçisi Sadıq əmi gələnlərin qabağını kəsib deyirdi:

- Bura baxın, meyvə dərməyinizə sözüm yoxdur, ancaq bir budaq qırılsa məndən inciməyin.

Bu zamanlar qoca keşikçinin əsəbi hallar keçirdiyi günlər idi. Budaq qırmasınlar, ağac kəsməsinlər deyə, onun gözü dörd idi.

O gün bir uşaq meyvə yığarkən üstü zoğal ilə dolu böyük bir şaxəni qırmışdı. Budaq sındırmaq, icazəsiz ağac kəsmək Sadıq əmiyə onu təhqir etməkdən də ağır gəlirdi. O, yerə enmiş iri ağac budağına nəzər saldıqdan sonra uşağı bərk danladı. Sadıq əminin çox qəzəbləndiyini görən uşağın anası Sənəm xala, onu sakit etməyə çalışdı:

- Sadıq əmi, Xəlil elə uşaq deyil, bilməyib, daha sındırmaz.

Sadıq əmi onu acıqlı-acıqlı süzərək:

-   Sən bilirsən ki, bu ilin gələn ili də var, - dedi, - hər gələn bir şaxə qırsa axırı nə olar? Mən buna yol vermərəm. Bir də belə etsə onu səninlə birlikdə meşəyə buraxmayacağam.

Sadıq əmi ortaboylu, üzü ətli, çıxıq yanaqları qırmızı, vücudu polad kimi möhkəm, sağlam bir kişi idi. O, cavanlığından qışda, yayda otaqda yatmazdı, açıq havanı çox sevərdi. Hər səhər soyuq suda çimməyə vərdiş etmişdi. Altmış yaşa dolduğuna baxmayaraq bu vaxta qədər onun ağır xəstələndiyini görən, eşidən olmamışdı. Qar düşdüyü zamanlarda da açıq eyvanında, kefi gələndə gecəni də meşədə yatardı. Gecə-gündüz çalışır, yeni ağaclar əkir, meşənin içini bağ kimi təmizləyirdi. Meşə onun üçün hər şey idi.

Sadıq əmi yaxşı keşikçi , həm də mahir ovçu idi. Meşədə onun ən yaxın dostu quşlar olduğu kimi, ən böyük düşməni də quşları tələf edən, kəndə ziyan verən canavar, tülkü, çaqqal, çöl pişiyi və dovşan idi. Bunları görüncə vurub öldürərdi. Bu işdə on irigövdəli Qurdbasan adlı boz köpəyi də az kömək etmirdi. Küçük vaxtından saxlayıb onu elə öyrətmişdi ki, Sadıq əminin hər sözünü, hər hərəkətini başa düşürdü. Onun köməyi ilə Sadıq əmi vahşı heyvanları qırıb tələf edir və Ovçular İttifaqından tez-tez mükafat alırdı. Sadıq əmi meşədə qurdun kökünü çoxdan kəsmişdi. Artıq kolxoz heyvanlarının da canı dincəlmişdi. Ona görə də kolxozçular Sadıq əmini çox sevir və ona böyük hörmət bəsləyirdilər.

 

Qoca Mərdan kişi işini görüb qurtardıqdan sonra eşşəyini otlamaq üçün çox tez-tez naxır bulağının yanındakı çağırlığa hörükləyirdi.

Axşam qaranlığı çökmüş, naxır kəndə qayıtmış, quşlar yuvalarına, toyuq, xoruz hinlərinə çəkilmişdi. Mərdan kişi kənd içində dostu Əkbər kişinin qapısı ağzında oturub söhbət etməkdən doymayırdı. Söhbət Yenikəndin gündən-günə gözəlləşməsindən, kəndin şimal tərəfində salınacaq meşədən düşmüşdü. Mərdan kişi deyirdi:

- Sağ olsun Sadıq əmi, kəndimizin bəzəyi olan bu meşəni göz bəbəyi kimi qoruyur.

Əkbər kişi də onun sözünü təsdiq etdi.

Söhbət xeyli uzandı. Birdən Mərdanın otlağa buraxdığı eşşəyi yadına düşdü, tez ayağa qalxdı:

- Söhbət dananı qurda verər, gedib eşşəyi gətirim, - deyə dostu Əkbər ilə görüşüb getdi.

O, çayırlığa çatdıqda alaqaranlıqda gözünə qara kölgələr göründü. Dayanıb diqqətlə baxdı: iki qurd eşşəyi yerə yıxıb yeyirdi. Əlində silah olmadığından yaxın getməyə qorxub tez qayıdıb kəndə səs saldı. Zəmidən yenicə qayıtmiş koxozçular it, silah götürüb gedincə qurdlar qaçıb getmişdi.

Ertəsi gün bu səs kəndə yayılmışdı. Səhər naxır bulağı başına yığışan kolxozçular: “Sadıq əmi daha qocalıb, qurdlar yenə kəndə yol salıb. Yazıq Mərdan kişinin eşşəyini dağıdıb yeyiblər” deyə onun arxasınca söylənirdilər. Sadıq əmini yaxşı tanıyanlar: “Bu qurdlar meşədən gəlməyib, görəsən hardan azıb kəndə darışıbdır. Bir də Sadıq əmi meşə keşikçisidir. Sənin eşşəyinə də keşik çəkməyəcək ha, mal sahibi öz malını özü saxlamalıdır. Buna Sadıq əmi neyləsin?” deyə, onu müdafiə edirdilər.

Deyişmə, söhbət getdikcə uzandı. Deyişmənin qızğın çağında Sadıq əmi iki anaş, üç bala qurdun dərisini bir-birinə kəndir ilə bağlayıb eşşəyin üstünə aşırmış olduğu halda gəldi. Bunu görən kolxozçulardan biri:

- Ay sağ ol, Sadıq əmi, səni bizim kəndin üstündən əskik olmayasan. De görək, bu qurdları harda öldürdün? – deyə ondan soruşdu.

Sadıq əmi kiçik, qara gözlərini qıyaraq:

- Bu namərd qurdlar bu il hardansa azıb meşəyə giribdir. Meşədə bir ağac altında oturmuşdum, Qurdbasan da ayaqlarımın ucunda uzanmışdı. Birdən gözümə uzaqda keçən iki kölgə ilişdi. Tez qalxıb diqqətlə baxdım. Gözlərimə inanmadım, çünki çoxdan bu meşədə qurd görməmişəm. Iti tez götürüb onların izinə düşdüm. Səs çıxarmasın deyə, iti başa salmışdım. O mənim fikrimi anlayıb səssiz yanımca gəlirdi. Qurdlar getdi, biz getdik, qurdlar getdi, biz getdik. Gördüm onlar meşədə kiçik bir köhülə girdi. Tez yüyürüb çatdım. Tüfəngi dörd-beş dəfə köhülün içinə boşaldıb Qurdbasana qıs vurdum. Bu zaman bir qurd köhüldən çıxıb qaçmaq istərkən nişan alıb vurdum. O biri köhüldən çıxmadı. Itə qıs vurdum. It köhülə girib əvvəlcə yuvasında vurduğum qurdu çıxartdı, sonra bir-bir balalarını. Namərd qancıq üç bala doğubmuş.

Kənd əhli bir ağızdan Sadıq əmini alqışladı:

- Çox sağ ol, Sadıq əmi, bu qurdlar artıb döl salsaydı, kəndin işi nə olardı?

Ferma müdiri Əsli bir qədər irəli gəlib gülə-gülə soruşdu:

- Sadıq əmi, bu beş qurda Ovçular İttifaqından nə qədər mükafat alacaqsan? Püstə bacının kefidir. - Sadıq əmi gülümsəyib cavab vermədi.

Qoca keşikçini dilləndirməyə çalışan Əsli yenidən soruşdu:

- Sadıq əmi, bu qurdlar dünən axşam çayırlıqda qoca Mərdanın eşşəyini qağıdıblar, xəbərin varmı?

Bu sözü eşitcək Sadıq əminin nəşəsi qaçdı, qaşlarını çataraq acıqlı-acıqlı qurdlara baxdıqdan sonra:

- Onda yaxşı vaxtında intiqam almışam! – dedi.

 

Getdikcə uzanan yamyaşıl meşənin arxasında dan yeri yavaş-yavaş sökülməyə, göy üzünü əlvan şəfəqlər bürüməyə başlamışdı. Göyün rəngi meşəyə əks etmiş olduğundan budaqlar, yarpaqlar gecə paltarını dəyişib incə, əlvan tül paltarını geyinmişdi. Günəş ucaldıqca təbiətin mahir rəssamı meşəni daha kəskin və rəngin boyalar ilə bəzəyirdi. Dan yeli yavaş-yavaş əsdikcə yarpaqlar bir-biri ilə pıçıldaşır kimi səslənir, kollarda, budaqlarda ötüşən quşlar yeni səhəri yaradan günəşi salamlayırdı.

Sadıq əmi o gecə meşədə yatmışdı. O, alaqaranlıqda oyanıb çeşmə başında əl-üzünü yuyub sildikdən sonra çeşməyə yaxın kiçik bir təpəciyin başında oturub təbiətin gözəlliyini seyr edir, quşların cəh-cəhini böyük maraq ilə dinləyirdi.

Qurdbasan da onun ayaqları altında uzanıb sanki quşların səhər konsertindən zövq alırdı.

Işsiz durmağı sevməyən Sadıq əmi qalxıb böyük həvəslə meşədəki cavan ağacların yan-yörəsini, diblərini qazıb təmizləməyə başladı. Bu zaman qulağına qat-qarışıq səslər gəldi. Qurdbasan qulaqrarını tez şəkləyib hürə-hürə səs gələn səmtə qaçdı. Sadıq əmi Qurdbasanı çağırdı. It durdu. Çox çəkmədi ki, qarşıda dəstə rəhbəri ilə birlikdə bir neçə qırmızı qalstuklu pioner göründü. Sadıq əmi onları çox məhəbbətlə qarşıladı:

- Gəlin, balalarım, gəlin, hamınızı tanıyıram. Kəndimizin küçələrini ağaclarla bəzəyəndə mənə siz çox kömək etmişsiniz. Sonra Sadıq əminin gözləri Xəlilə sataşdı, onu pionerlər arasında görüncə:

- Oho! Bacı oğlu, sən də gəlmisən? Eybi yoxdur, xoş gəlmisən. Ancaq gərək ağaclarla pis rəftarını tərgidəsən ha! – dedi.

Dəstə rəhbəri Sadıq əminin töhmətlərinə təəccüb etdi:

- Necə bəyəm? Sadıq əmi, yoxsa bizim Xəlil meşəyə gələndə budaq qırır?

Sadıq əmi Xəlilin başını sığallayaraq:

- Elə bir iş olmuşdu. Xəlil mənə onda söz verdi ki, daha meşədən ağac qırmayacaq. Indi deyəsən ağaclarla barışıb.

- Barışmaq azdır, Sadıq əmi, o bizim məktəbimizin bağçasını, onun ətrafında əkilən ağacları bəsləyən, onlara hər gün qulluq edən pionerlərimizdəndir – dedi. – Görünür töhmətləriniz ona yaxşı təsir edib.

Sadıq əminin gördüyü işlər, onun təcrübəsi pionerləri çox maraqlandırdı. Odur ki, onlardan biri soruşdu:

- Sadıq əmi, bu ağacı niyə çıxardırsan?

- Çıxartmıram, oğlum, - deyə Sadıq əmi cavab verdi, - belə cavan ağacların yan-yörəsini təmizləyirəm. Payızda bunları çıxarıb təzə meşəliyə əkəcəyəm. – Sonra başını qaldırıb uzaqlara baxaraq:

- Arzularımız çox böyükdür. Bu meşəni o dağların ətəklərinə qədər böyüdəcəyik. Gələndə meşənin axırındakı açıqlıqda əkdiyim şitilləri gördünüzmü? Hamı bir səslə:

- Gördük, Sadıq əmi, gördük... - Sadıq əminin gözlərində fərəh qığılcımları doğdu, həsrətlə pionerlərə baxaraq:

- Hayıf ki, qocalıram, uşaqlar. On-on beş il sonra kəndimiz, əkin yerlərimiz və meşələrimiz tamam dəyişəcəkdir. Qorxuram o günləri görməyə ömrüm macal verməyə.

- Qorxmayın, Sadıq əmi. Siz hələ çox yaşayacaqsınız, o günləri özünüz doyunca görəcəksiniz, - deyə pionerlər bir-ağızdan ona təsəlli verdilər.

Bu sözlər sanki Sadıq əmiyə ürək-dirək verdi. O, ürəkləri suallarla dolu olan pionerlərə macal verməyib meşələrin əhəmiyyətindən, yaşıllıqları, bağları qorumaq yollarından uzun-uzadı söhbət açdı; görüləcək işlər və onların faydası haqqında geniş məlumat verdi.

Xəlil yerindən səsləndi:

- Sadıq əmi, təzə meşəyə şitil əkəndə bizi də köməyə çağırın.

- Çox sağ ol, oğlum. Siz dərslərinizə çalışın, mənim köməkçilərim çoxdur, - deyə, Sadıq əmi gülümsəyərək cavab verdi. Sonra üzünü uşaqlara tutub dedi:

- İndi də gedin, bir az meşəni gəzin, meyvələrindən yeyin, görün sizin üçün nə ağaclar bəsləmişəm.

Sadıq əminin deməsi ilə pionerlərin dağılması bir oldu, bir anda meşənin dərinliklərində gözdən itdilər.

Sadıq əmi öz işinə məşğul oldu. Bir neçə ağacın dibini qazıb təmizlədikdən sonra oturub dincəlmək istədi. Qurdbasan da onun ayaqları altında uzandı. Qoca keşikçi vaxtının çoxunu meşədə tək keçirdiyindən öz-özünə danışmağa və gördüyü işlərin nəticəsini xəyalında canlandırmağa vərdiş etmişdi. Indi də o, xəyal aləminə dalıb öz-özünə düşünürdü; o, nəzərinə dövlətin qərarı ilə Yenikənd meşəsinin şimalında salmağa başladıqları təzə meşəni gətirirdi. Yeni meşə bir tərəfdən əkin üçün əlverişli şərait yaradacaq, şimal tərəfdən əsən küləklərin qarşısını alacaq, torpağı nəmiş saxlayacaq və bu boz, şoran çöllərin bol məhsul verməsinə səbəb olacaqdı. Belə getsə beş-on il sonra bu meşədə hər kol dibində bir qırqovul yuvalayacaqdır. Bu şirin arzular onu o qədər həyəcana gətirdi ki, birdən-birə əllərini bir-birinə vurub: “Oh! Bu meşəni mən istədiyim kimi görsəydim” deyə ucadan dilləndi. O, elə çiddətlə səsləndi ki, ayaqları ucunda uzanan köpək yerindən sıçrayıb heyrətlə sahibinin üzünə baxdı. Sadıq əmi itin başını əli ilə oxşayaraq: “Uzan, Qurdbasanım, uzan, sən mənim qəlbimdəkini duya bilməzsən” deyə ona yenə uzanmağa işarə etdi.

Bu zaman əlli-altmış addım məsafədə topa kolun içindən bir tülkü çıxıb qaçmağa başladı. Sadıq əminin ovçu gözləri onu görüncə tez tüfəngi alıb qalxdı və tülkünü nişan alıb vurdu.

Tülkü yerə yıxılınca bir qırqovul onun ağzından pırıltı ilə uçub yaxındakı budağa qondu. Qoca ovçunun gözləri parıldadı. O, öz-özünə: “Yaxşı vaxtında vurmuşam, yoxsa bu namərd tülkü yazıq quşu yeyəcəkdi. Mən bu vəhşi heyvanları nə qədər qırıb tələf edirəm, bunlar yenə göbələk kimi artır”.

Qurdbasan tülkünü gətirməyə getmişdi. Bu zaman yaxında, ağaclar arasında bir yad it hürdü, onun arxasınca bir səs: “Keşikçi, keşikçi!” deyə səsləndi. Sadıq əmi bu yad adamın kim olduğunu bilmək üçün gözlərini qıyıb o səmtə baxdı, sonra iti addımlarla səs gələn tərəfə getdi. Uzunboylu arıq bir adam ona doğru gəlirdi. Keşikçini görüncə:

- İtin acıqlıdırmı? – deyə soruşdu.

Kişi sözünü qurtarmamışdı ki, Qurdbasan ağzında tülkünü gətirdi. Onu tez Sadıq əminin yanında qoyub iri, qara ağzını açaraq kəskin səs ilə hürə-hürə yad itə hücum etdi. O it qorxub yiyəsinin arxasına keçdi. Yad adam əlindəki tüfəngi ilə Qurdbasandan özünü, itini müdafiə etməyə çalışdı, Sadıq əmi tez itini boynundan tutub özünə tərəf çəkdi və ona bərk acıqlandı. Qurdbasan yerə çöməlib acıqlı-acıqlı onlara baxır və arabir mırıldanırdı. Yad adam Qurdbasanı gözucu süzdükdən sonra:

- İtin yaman sərtdir ha, onu açıb buraxmağın xatası çıxar.

Sadıq əmi itinin başını oxşayaraq:

- Qorxma, sərt olsa da mənim yanımda ziyan yetirməz.

Yad it quyruğunu, qulaqlarını sallayıb gözlərini Qurdbasandan çəkmir, arabir mırıldanırdı.

Sadıq əmi tüfənginə söykənib:

- Siz kimsiniz? – deyə soruşdu.

- Mən aqronomam, adım Rəhimdir.

- Çox yaxşı, bu meşəyə nə üçün gəlmisiniz?

- Quş ovlamağa gəlmişəm.

- Yox, ov vaxtı deyil. Ovçular İttifaqının ov mövsümünün başlanması haqqında əmri olmayınca mən bu meşəyə bir ovçu da buraxmayacağam.

Ovçu tüfənginin ucu ilə tülkünü göstərib:

- Sadıq əmi, sən özün meşədə ov edirsən, bəs məni neçin qoymursan? – dedi.

Sadıq əmi ovçunun onun adını haradan bildiyinə çox maraqlanıb:

- Siz mənim adımı hardan bilirsiniz? – deyə soruşdu.

Ovçu sağ əlini havada oynadıb gülə-gülə:

- Sadıq əmini bu mahalda tanımayan kimdir? Səni kənddə uşaqlar da tanıyır. Sən də məni yaxşı tanıyırsan. Sizin aqronom Aslan ilə bu meşədə çox gəzmişik.

- Ola bilər, sifətin mənə tanış gəlir. meşədə gəzməyə, sərin çeşmə sularından içməyə, meyvələrindən dərməyə mən də bir söz demirəm. Meylin olsa bulaq başında səni qonaq da edə bilərəm. Yaxşı təndir çörəyim, üzlü pendirim, ət soyutması var. Ancaq quş vurmağa razı olmaram.

Ovçu etiraz etdi:

- Yaxşı, Sadıq əmi, bəs məni ovsuz yola salmaq istəyirsən? Bu heç yaxşı iş deyil axı.

- Yox, elə yaxşısı budur. Mən qanunu poza bilmərəm. Quşlar təzə bala çıxarıblar, onları indi ovlamaq, yuvalarda balaları acından öldürmək deməkdir. Mən buna heç cür razı ola bilmərəm. Heç üz vurma, düzələsi iş deyil. – Ovçu məyus bir halda başını aşağı dikib durdu. Sadıq əminin ürəyi kövrəldi:

- Bilirəm, ovdan boş qayıtmaq ovçu üçün çox ağırdır. Al bu tülkünü sənə verirəm. Apar, qoy əllərin boş olmasın - deyə, hələ bədəni soyumamış tülkünü ona tərəf uzatdı. Ovçu istər-istəməz tülkünü aldı. Ona təşəkkür etmək istəyirdi ki, Xəlil gəlib çıxdı. O, ciblərini meşədən yığdığı qabıqlı fındıqla doldurmuşdu. Qoltuğunda isə ağacların diblərindən çıxartdığı on beşə yaxın şitil vardı. Xəlil yaxınlaşan kimi əvvəl yad adama salam verdi, sonra Sadıq əmiyə müraciətlə dedi:

- Sadıq əmi, baxın, bu yığdığım şitilləri aparıb təyətimizdə, evimizin qabağında əkəcəyəm. Gələn il bunları salmağa başladığımız təzə meşədə öz əlimlə basdıracağam.

Sadıq əmi Xəlilin bu təşəbbüsünü böyük sevinclə qarşıladı:

- Sağ ol, oğlum, bax bu işinə sözüm yoxdur, həmişə belə olmaq lazımdır, - dedi.

Sadıq əmi ilə Xəlilin arasında gedən bu söhbətdən sonra, onlara çox diqqətlə qulaq asan aqronom artıq köhnə söhbətin təzələnməsinə səy göstərmədi. O görürdü ki, Sadıq əmi sözündə çox möhkəm adamdır. Aqronom elə bunları fikirləşirdi ki, Sadıq əmi gülə-gülə Xəlildən soruşdu:

- Xəlil, meşəmizə qonaq gələn gördüyün ovçu burada quş ovlamaq istəyir. Sən yay zamanı buna necə baxırsan?

Xəlil Sadıq əminin nə demək istədiyini çox yaxşı başa düşdü. Odur ki, heç fikirləşmədən cavab verdi:

- Sadıq əmi, indi ki, ov vaxtı deyil, quşlar bu saat bala gəzdirir...

Qoca bağban ovçuya mənalı-mənalı baxdı, ancaq bir söz demədi.

Sadıq əmi Xəlili o qədər sevməyə başladı ki, uşağın ağac sındırmaq əhvalatını tamamilə yadından çıxartdı.

 

1954

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info